www.science.az
13.03.2018 11:11

“Mədəni bitkilərin mənşəyi” adlı dərslik işıq üzü görüb

Azərbaycan dilində ilk dəfə tərtib olunan “Mədəni bitkilərin mənşəyi” adlı dərslik mədəni bitkilərin botaniki-coğrafi xüsusiyyətləri, nadir növləri, mənşəyi, yayılma arenası, kimyəvi tərkibi, əhəmiyyəti, sistematikası, çoxnövçülük mərkəzləri və onların mühafizəsi haqqında məlumatları özündə əks etdirir.

Yeni nəşr mədəni bitkilərin yayılma mərkəzlərinə dair əsas məlumat bazası olmaqla yanaşı, biomüxtəlifliyin qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi, həmçinin orta və ali məktəblərin tədris proqramlarının həyata keçirilməsi üçün qiymətli mənbədir.

Dərslikdə mənşə mərkəzləri və bu mərkəzlər üçün xarakterik olan spesifik xüsusiyyətlər haqqında ətraflı məlumatlar verilib.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları - biologiya üzrə fəlsəfə doktoru, dosent  Ramiz Ələkbərov, institutun Biokimyəvi tədqiqatlar laboratoriyasının elmi işçisi Surə Rəhimova, Naxçıvan Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Qasımov, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Seyidov və Azərbaycan Dövlət Aqrar Universitetinin Elm şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Abbas İsmayılovun birgə hazırladıqları elmi, metodiki və pedaqoji cəhətdən dəyərli olan dərslik tədris proqramını tam əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.