Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Kimyəvi reaksiyaların sürəti. Tarazlıq” mövzusunda açıq dərs təşkil olunub
13.03.2018 13:13
  • A-
  • A
  • A+

“Kimyəvi reaksiyaların sürəti. Tarazlıq” mövzusunda açıq dərs təşkil olunub

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Kimyəvi reaksiyaların sürəti. Tarazlıq” mövzusunda növbəti interaktiv açıq dərs keçirilib.

Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının şöbə müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun apardığı dərsdə aktivləşmə enerjisi, reaksiyanın sürətinin hesablanması, onun sürətinə təsir edən amillər, kimyəvi tarazlıq barədə şagirdlərə ətraflı məlumat verilib.

Q.Hüseynov çıxışında maddələrin bir-biri ilə molekullarındakı atomlar arasında kimyəvi rabitələrin qırılması və ya zəifləməsi halında reaksiyaya girdiklərini deyib. O, bu rabitələrin qırılması və ya zəifləməsi üçün müəyyən qədər enerjinin tələb olunduğunu söyləyib.

Reaksiyanın sürətinə təsir edən amillərdən danışan alim bildirib ki, aktiv maddələrin iştirakı ilə reaksiya böyük, passiv maddələrin iştirakı ilə isə zəif sürətlə gedir. Məlumat verilib ki, reaksiyanın sürətinin temperaturdan asılılığı Vant-Hoff qaydasına görə, xarici şəraitin (qatılıq, temperatur və təzyiq) tarazlığa təsiri isə Le-Şatelye prinsipi ilə müəyyən olunur.

Dərs zamanı video vasitəsilə kimyəvi tarazlığın izahlı testləri şagirdlərin diqqətinə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: