www.science.az
13.03.2018 13:51

“Sualtı arxeoloji ekspedisiya – 50, Viktor Kvaçidze - 85” mövzusunda tədbir keçirilib

Martın 13-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Sualtı arxeoloji ekspedisiya – 50, Viktor Kvaçidze - 85” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı 50 il bundan əvvəl Xəzər akvatoriyasında genişmiqyaslı sualtı arxeoloji axtarışlar aparmış ekspedisiyanın fəaliyyəti, ekspedisiyanın rəhbəri Viktor Kvaçidzenin həyat və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, 1968-ci ildə muzeyin əməkdaşı, arxeoloq V.Kvaçidzenin rəhbərliyi ilə Xəzər dənizində sualtı ekspedisiya təşkil olunub. Bugünkü tədbir ekspedisiyanın 50, onun daimi rəhbəri V.Kvaçidzenin isə 85 illiyinə həsr edilib.

V.Kvaçidze ilə uzun illər birgə çalışdıqlarını deyən N.Vəlixanlı həmin ekspedisiyanın fəaliyyəti barədə muzeydə müxtəlif görüş və tədbirlər keçirildiyini söyləyib. Bildirilib ki, muzeydə ekspedisiyaya həsr olunan xüsusi guşə təşkil edilib və orada su altından tapılmış arxeoloji materiallar yer alıb.

Sonra muzeyin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə “Xəzər akvatoriyasında sualtı arxeoloji tədqiqatlar və Viktor Kvaçidze” mövzusunda məruzə ilə çıxış edib. O, vaxtilə ekspedisiyanın və V.Kvaçidzenin çalışdığı şöbənin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, 50 il bundan əvvəl muzey tərəfindən təşkil olunan sualtı arxeoloji ekspedisiyaya iyirmi il V.Kvaçidze rəhbərlik edib. Məhz onun rəhbərliyi ilə Azərbaycan arxeologiyası bir sıra nailiyyətlərə imza atıb. 

N.Quluzadə bildirib ki, arxeoloq V.Kvaçidzenin rəhbərlik etdiyi tədqiqat qrupu 1968-1987-ci illərdə Xəzərin Azərbaycan sahili boyunca və Plita Poqorelaya, Pavlov və Kür sualtı bankələrinin, eləcə də Bulla, Oblivnoy, Səngi-Muğan, Böyükdaş və Kiçikdaş adalarının, Pirsaat silsiləsinin, Abşeronun Amburan burnunun (köhnə Bilgəh), Gürgan və s. Azərbaycan akvatoriyası sualtı abidələrinin tədqiqi üçün arxeoloji ekspedisiyalar təşkil edib.

Tədbirdə digər çıxış edənlər V.Kvaçidzenin rəhbərliyi ilə sualtı arxeoloji ekspedisiyanın fəaliyyətindən söz açıb, müasir dövrdə bu sahənin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.