Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.04.2014 00:00
  • A-
  • A
  • A+

“Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları” mövzusunda Beynəlxalq konfrans öz işinə başladı

“Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları” mövzusunda Beynəlxalq konfrans öz işinə başladı

Bu gün AMEA İnsan Hüquqları və Konfliktologiya İnstitutunun, AR Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları” mövzusunda Beynəlxalq konfrans öz işinə başladı.

Konfransda siyasət, iqtisadiyyat, sosial və humanitar elmlər üzrə mütəxəssislər və elmi tədqiqatçılar, dövlət və qeyri-hökumət strukturlarının mövzu ilə əlaqəli məsul şəxsləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva AR Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə miqrasiya siyasəti problemlərinin həllinə, eləcə də insan hüquqlarının inkişafına böyük diqqət və dəstək göstərildiyini qeyd etdi.

Konfransda Prezidentin ölkədə miqrasiya sahəsində dövlət siyasətinin, miqrasiya proseslərinin idarə edilməsinin gücləndirilməsi və tənzimlənməsində yaranmış problemlərin hüquqi çərçivədə həllinə istiqamətlənən qərarlarını nəzərə alaraq, bu işdə birgə səylərin birləşdirilməsinin vacibliyi vurğulandı.

A.Mustafayeva azərbaycanlı emmiqrantların xaricdə hüquqlarının qorunması probleminə geniş yer verərək, onların ölkə nümayəndəlikləri ilə əlaqələri, ölkəyə qayıtdıqdan sonra onların sosial-təminat məsələlərinin həlli və dövlətlər arasında müvafiq sazişlərin olmasının vacibliyi məsələsini gündəmə gətirdi.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev iqtisadi tərəqqinin göstəricisi kimi miqrasiya siyasətinin dövlət səviyyəsində dəstəklənməsi məsələsinə toxundu, bu siyasətin tənzimlənməsində beynəlxalq təcrübənin əhəmiyyətini vurğuladı. O, miqrasiya siyasətinin beynəlxalq aləmdə təhlükəsizlik təminatı məsələlərinə aydınlıq gətirərək, beynəlxalq təşkilatların bu sahədəki fəaliyyəti, miqrasiya proseslərinin mövcud vəziyyətində yaranmış mövcud problemlər barədə məlumat verdi.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak öz çıxışında miqrasiya siyasətininin aktual vəzifələrindən, miqrasiya prosesinin təhlükəsizlik təminatının yaradılmasından, miqrasiya və etnik diasporun formalaşmasından, immiqrantların hüquqlarının müdafiə olunmasından, miqrasiya prosesində beynəlxalq təcrübə və əməkdaşlığın bu sahəyə verəcəyi töhfələrdən bəhs etdi.

Daha sonra çıxış edən AR Dövlət Miqrasiya Xidməti Təşkilat İdarəsinin rəisi Siyasət Alıyev AR Miqrasiya Məcəlləsindən, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının müdafiəsindən söz açaraq, yaranmış problemlərin aradan qaldırılması yollarının axtarıb tapılmasına toxundu. O, məsələnin aktuallığını qeyd edərək əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının birgə müdafiəsi üçün gələcəkdə nəzərdə tutulmuş işlərdən söz açdı.

Sonra AMEA İnsan Hüquqları İnstitutunun əməkdaşı, t.ü.f.d Aqil Əhmədov “Əmək miqrantlarının hüquqları və beynəlxalq təşkilatlar” mövzusunda məruzə ilə çıxış etdi. A.Əhmədov məruzəsində BMT, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, MDB və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların miqrasiya sahəsindəki genişmiqyaslı fəaliyyətlərinə toxundu. O, Azərbaycanda miqrasiya prosesləri fonunda əmək miqrantlarının hüquqlarının tənzimlənməsinin müasir dövrdəki reallıq və problemlərini vurğulamaqla onları önə çəkdi.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının polis polkovnik-leytenantı Vasif Nəcəfov “Miqrasiya siyasəti: Cənubi Qafqazda təhlükəsizliyin təminatı” mövzusunda çıxış edərək, miqrasiya proseslərinin regional təhlükəsizlik sisteminə təsirinə toxundu, bir sıra təkliflərini irəli sürdü.

Müzakirələr zamanı Cənubi Qafqazda miqrasiya siyasəti, miqrasiya prosesləri, ümumilikdə bu proseslərin gedişatındakı təhlükəsizliyin təminatı və bir sıra digər aspektlər ətrafında fikir mübadiləsi aparıldı, müzakirə olunan məsələ ilə bağlı təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: