Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı başa çatıb
15.03.2018 09:13
  • A-
  • A
  • A+

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı başa çatıb

Martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına yekun vurulub.

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə dəstəyi ilə reallaşan və bir həftə davam edən festivala 15-dən çox ölkə qatılıb.

Festivalın bədii rəhbəri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə Azərbaycan muğamının tarixi keçmişindən və müasir inkişaf səviyyəsindən söz açaraq, bu irsin qorunması və təbliğində festivalın müstəsna rol oynadığını söyləyib. Bildirib ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir.

F.Əlizadə festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında instrumental və vokal bölmələri üzrə beynəlxalq muğam müsabiqəsinin təşkil edildiyini, müsabiqə iştirakçılarının Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistandan olan tanınmış musiqi mədəniyyətinin görkəmli nümayəndələri tərəfindən qiymətləndirildiyini, konservatoriyada musiqi gecələrinin keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertlərdə “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər” və “Hümayun” muğamları istedadlı ifaçılar tərəfindən tamaşaçılara təqdim olunub. 

Xalq artisti festival çərçivəsində AMEA-da reallaşan “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpoziumu da yüksək qiymətləndirib.

Sonra beynəlxalq muğam müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri Firəngiz Əlizadə və beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi qaliblərə diplom və pul mükafatı təqdim ediblər.

Qalibləri təbrik edən Əbülfəs Qarayev artıq ənənəyə çevrilən bu festivalın keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, münsiflər tərəfindən seçilən ən layiqlilər muğam sənətinin daha böyük coğrafiyada təbliğinə öz töhfələrini verəcəklər.

Sonra bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və muğam müsabiqəsinin qalibləri çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: