Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Rasim Əliquliyev: "Riyaziyyat fənninin tədrisi sahəsində beynəlxalq təcrübə öyrənilməlidir"
15.03.2018 11:52
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev: "Riyaziyyat fənninin tədrisi sahəsində beynəlxalq təcrübə öyrənilməlidir"

AMEA Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim Riyaziyyat və Mexanika İnstitutunda neyron şəbəkə, qeyri-müəyyənliyin qiymətləndirilməsi-entropiya, fuzzy nəzəriyyə, veyvlet analiz, freym nəzəriyyəsi üsullarına dair aparılan araşdırmaları yüksək qiymətləndirib.

R.Əliquliyev bu gün Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə əlaqədar ciddi problemlərin mövcud olduğunu, bu sahədə ölkə elmi və təhsili qarşısında xüsusi vəzifələrin dayandığını qeyd edib. Azərbaycan elminin dünya elminə inteqrasiyasında riyazi bilik və təfəkkürün inkişafının vacibliyini vurğulayan alim elmi tədqiqatlarda riyazi modelləşdirmədən daha geniş istifadə edilməsinin zəruriliyini önə çəkib.

AMEA-nın akademik-katibi bildirib ki, fundamental elmin əsasını təşkil edən riyaziyyatın öyrənilməsi və tətbiqi problemləri ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən elm və təhsil qurumları öz səylərini birləşdirməli, mütəmadi olaraq seminar və konfranslar keçirməli, maarifləndirmə işləri aparmalıdırlar.

R.Əliquliyev riyaziyyat fənninin tədrisi və elmdə tətbiqi ilə bağlı bir sıra təkliflər də səsləndirib. O, Riyaziyyat və Mexanika İnstitutunun nəzdində tədris mərkəzinin təşkilinin və burada müxtəlif sahələr üzrə fəaliyyət göstərən mütəxəssislərə riyaziyyat fənninin öyrədilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Alim bu vəzifələrin həyata keçirilməsi üçün müvafiq sahə üzrə beynəlxaq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin Azərbaycanda Data science sahəsində araşdırmaların aparılmasının vacib olduğunu qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: