Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.03.2018 10:14
  • A-
  • A
  • A+

Akademik Vaqif Abbasov ölkəmizdə sağlamlıq turizminin inkişafına həsr olunan iclasda iştirak edib

Akademik Vaqif Abbasov ölkəmizdə sağlamlıq turizminin inkişafına həsr olunan iclasda iştirak edib

Martın 15-də Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsinə həsr olunan iclas keçirilib.

Əvvəlcə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək şəhərin turizm potensialı barədə məlumat verib. Bildirib ki, sağlamlıq turizmi sahəsində tanınan Naftalan nefti ilə müalicə son illər daha da məşhurlaşmaqdadır. Bu da şəhərə gələn xarici turistlərin sayının ildən-ilə artmasına səbəb olur. 

Sonra çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev respublikamızda turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışıb. Vurğulayıb ki, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektoru sahəsində əsas yerlərdən birini tutan turizm sənayesi daima Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

Azərbaycanda sağlamlıq turizminin, xüsusi ilə Naftalan nefti ilə müalicə üsullarının zəngin ənənələrinin olduğunu deyən nazir Qalaaltı, Naftalan və Duzdağda həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, hazırda Naftalan neftinin beynəlxalq sertifikatlaşdırmadan keçməsi prosesinin sürətləndirilməsi, həmçinin Qalaaltı və Duzdağ üzrə müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində işlər həyata keçirilir. 

Ə.Qarayev ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsinə Strateji Yol Xəritəsində də xüsusi yer ayrıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, sənədin müvafiq bəndlərinin icrası üçün Turizm Şurası tərkibində Sağlamlıq turizmi üzrə İşçi qrupu (eləcə də Naftalan üzrə neft-tədqiqat qrupu) yaradılıb. Turizm Şurasının qərarına əsasən, Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri və akademik A.Qarayev adına Fiziologiya institutları və digər aidiyyatı qurumların nümayəndələrindən ibarət işçi qrupunun tərkibi təsdiq olunub.

Daha sonra Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Naftalan neftinin institutda tədqiq olunması, nəticələri və müalicə əhəmiyyəti barədə çıxış edib. Alim Naftalan neftinin tərkibi, onun müalicəvi əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti Abil Ağasiyev, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev çıxış edərək Azərbaycanın sağlamlıq turizminin imkanları, ölkəmizin bu sahədə beynəlxalq aləmdə tanıdılması ilə bağlı görülən işlər barədə məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: