Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.03.2018 10:24
  • A-
  • A
  • A+

Azərbaycanın elmi ictimaiyyəti Prezident seçkilərində İlham Əliyevə səs verəcək

Azərbaycanın elmi ictimaiyyəti Prezident seçkilərində İlham Əliyevə səs verəcək

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı toplantı keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov çıxış edərək aprel ayının 11-də Azərbaycanın ictimai-siyasi həyatında son dərəcə əlamətdar hadisənin baş verəcəyini, ölkəmizdə növbəti prezident seçkilərinin keçiriləcəyini bildirib. O, builki prezident seçkilərinin tariximizin əlamətdar bir dövrünə - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə təsadüf etdiyini vurğulayıb. Bildirib ki, 1918-ci il mayın 27-də Tiflisdə, keçmiş Qafqaz Canişinliyinin binasında ilk dəfə İstiqlal Bəyannaməsi səsləndirilib, mayın 28-də isə Azərbaycanın müstəqilliyi bütün dünyaya elan edilib.

Rəhbəri olduğu muzeyin binasının təkcə ədəbiyyat tariximizlə deyil, istiqlal tariximizlə, cümhuriyyətimizin yaranışı, başlanğıcı ilə bağlı bir məkan da olduğunu deyən R.Hüseynov qeyd edib ki, o zaman muzeyin binasında "Metropol” mehmanxanası yerləşirdi. Həmin imarət Azərbaycanın ilk Nazirlər Kabinetinin ixtiyarına verildi və onlar burada yaşayıb, işləməyə başladılar.

Akademik 1993-cü ilin iyununda Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığını, lakin ümummilli lider Heydər Əliyevin böyük zəkası və təcrübəsi ilə ölkəmizi ictimai-siyasi burulğanlardan inkişafa doğru apardığını söyləyib.

R.Hüseynov bu gün inkişaf siyasətini Prezident İlham Əliyevin davam etdirdiyini, Azərbaycanın Cənubi Qafqazda həm iqtisadi, həm də siyasi baxımdan aparıcı bir dövlətə çevrildiyini, həmçinin bir sıra Avropa ölkələrinin də iştirakçısı olduğu mühüm layihələrdə həlledici sima olduğunu deyib.

Alim Davos Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşdığını vurğulayıb.

Ədəbiyyat, mədəniyyət və elm xadimlərinin daim Prezident İlham Əliyevin qayğısını hiss etdiyini deyən R.Hüseynov bildirib ki, Azərbaycanın gənc alimləri, elmi ictimaiyyəti seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləyəcək və qarşıdakı 7 ildə ölkəmizin inkişafına, tərəqqisinə səs verəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: