Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.03.2018 16:05
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda 31 mart soyqırımı ilə bağlı kitabların təqdimatı keçirilib

Şərqşünaslıq İnstitutunda 31 mart soyqırımı ilə bağlı kitabların təqdimatı keçirilib

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları əks etdirən nəşrlərin təqdimat mərasimi keçirilib.

Tədbir Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamı çərçivəsində baş tutub.

Türkiyə, İran, Rusiya və Fransadan olan alimlərin iştirak etdiyi tədbiri Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva açaraq rəhbərlik etdiyi müəssisədə erməni vəhşilikləri, azərbaycanlılara qarşı törədilmiş soyqırımlar barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, son illərdə Şərqşünaslıq İnstitutu tərəfindən "Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "Türk mətbuatında “erməni məsələsi", "İrəvan müsəlman sakinli vilayət olmuşdur", "İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)", "Маrt 1918. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə", "Qarabağ-Zəngəzur - 1918 (Azərbaycanlıların soyqırımı sənədlərdə)" və digər kitablar tərcümə və çap olunaraq ictimaiyyətə təqdim edilib.

Alim sözügedən nəşrlərin ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolunu qeyd edib.

Sonra 1918-ci ilin martında Azərbaycanın müxtəlif bölgələrində ermənilər tərəfindən törədilən soyqırım hadisələri ilə bağlı kitabların müəllifi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi və institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə çıxış edərək nəşrlərin hazırlanma prosesi barədə məlumat veriblər.

Tədbirdə, həmçinin rusiyalı alimlər - Oleq Kuznetsov və Boris Hatsiyev, fransalı professor Georgi Mamuliya, türkiyəli qonaq Yavuz Aslan və digərləri çıxış edərək ermənilərin müxtəlif dövrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımları qınayıb, Şərqşünaslıq İnstitutunun bu hadisələrin ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonda soyqırımları həqiqətlərini əks etdirən nəşrlər nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: