www.science.az
01.04.2018 11:22

Bu gün geoloqların peşə bayramıdır

Geoloq Günü MDB ölkələri və Rusiyanın praktiki olaraq bütün geoloji təşkilatlarında qeyd edilir.

Geoloq Günü ənənəvi olaraq hər il aprel ayının birinci bazar günü keçirilir. Bu peşə bayramı 1966-cı il martın 31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanıyla ölkənin mineral-xammal bazasının yaradılmasında sovet geoloqlarının xidmətlərinin qeyd edilməsi məqsədilə təsis edilib.

www.calend.ru saytının məlumatına görə, bayramın keçirilmə vaxtı kimi aprel ayının əvvəllərinin seçilməsi qış fəslinin sona çatması və müvafiq sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin çöl-tədqiqat işləri, eləcə də ekspedisiyalara hazırlıqları ilə əlaqədardır.

Geologiyanı Yer kürəsinin quruluşu və onun inkişaf tarixi haqqında elm adlandırırlar. Bu elmin əsas tədqiqat obyekti Yer kürəsinin geoloji salnaməsinin əks olunduğu dağ süxurlarıdır.

Geologiya, həmçinin Yerin səthi və onun altında gedən müasir fiziki prosesləri və mexanizmləri tədqiq edir. Müxtəlif proseslərin öyrənilməsi bizə keçmişdə planetin necə inkişaf etdiyinə dair məlumat almağa imkan verir. 

Dünyanın müxtəlif ölkələrində bu bayram ərəfəsində geoloq-mütəxəssislər çoxillik məhsuldar elmi-tədqiqat fəaliyyəti və  xidmətlərinə görə dövlət mükafatları alır, Fəxri fərman və ordenlərlə təltif olunurlar.

Bu gün geoloqlardan başqa, həm də axtarış və faydalı qazıntıların hasilatıyla bağlı peşəyə sahib bütün insanların bayramı hesab edilir.