www.science.az
09.04.2018 11:25

Akademik Rasim Əliquliyev Qaradağ rayonunun seçiciləri ilə görüşdə iştirak edib

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev seçiciləri İlham Əliyevə səs verməyə çağırıb

11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Kampaniya çərçivəsində növbəti görüş Qaradağ rayonu Lökbatan qəsəbəsinin Ə.C.Əmirov adına Mədəniyyət evində keçirilib.

Görüşdə akademik Rasim Əliquliyev, eləcə də YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Eldar İbrahimov, Mixail Zabelin və digərləri iştirak ediblər.

Akademik Rasim Əliquliyev çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycana gəlişi ilə əsası qoyulan intibah dövrünün ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın dünyada və regionda  əldə etdiyi inkişaf dövlət başçımızın uğurlu daxili və xarici siyasətinin göstəricisidir.

“Dövlət başçısının əsas məqsədi biliklər cəmiyyətini formalaşdırmaqdır”, – deyə bildirən alim bu gün Azərbaycanda aparılan siyasətin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Akademik ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda yüksək texnologiyaların tətbiq olunması və ölkədə kosmik sənayenin yaradılması, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

İnstitut direktoru çıxışının sonunda bütün Azərbaycan xalqını demokratik seçkilərdə fəal iştirak etməyə və ölkə Prezidenti İlham Əliyevə səs verməyə çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.