www.science.az
12.04.2018 09:19

Rusiyalı sualtı arxeoloqlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər

Rus Coğrafiya Cəmiyyəti Sualtı Tədqiqatlar Mərkəzinin mütəxəssislərindən ibarət nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

Qonaqları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Mədəni irsin tədqiqi sektorunun müdiri, t.ü.f.d. Kamil İbrahimov müşayiət edib.

İlk olaraq muzeyin ekspozisiyası ilə tanış olan rusiyalı sualtı arxeoloqlar daha sonra bu müəssisənin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüblər.

Görüşdə Xəzər akvatoriyasında gəmiçiliyin qədim tarixi ilə bağlı əşyavi mənbələr əldə etmək məqsədilə aparılan genişmiqyaslı sualtı tədqiqatlardan bəhs olunub. Akademik N.Vəlixanlı muzeyin 1968-1986-cı illərdə apardığı sualtı arxeoloji tədqiqatlar barədə qonaqlara ətraflı məlumat verib. Həmçinin ərəb müəlliflərinin Xəzər dənizi ilə bağlı verdiyi məlumatları diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Sonda qonaqlara muzeyin nəşrləri – monoqrafiya və kataloqlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.