www.science.az
12.04.2018 11:16

AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik Fuad Əliyev açaraq Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” ilə bağlı imzaladığı Sərəncamların əhəmiyyətindən danışıb. Bildirib ki, sözügedən sərəncamlar ölkə başçısının Azərbaycan tarixinə yüksək diqqət və qayğısının göstəricisidir.

F.Əliyev Cümhuriyyətin 100 illiyi ilə əlaqədar bölmədə elmi konfrans və tədbirlərin keçiriləcəyini, silsilə kitabların dərc olunacağını diqqətə çatdırıb.

Daha sonra yeni çapdan çıxmış “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və tarixinin izahlı xronologiyası (1918-1920)” kitabı haqqında məlumat verən alim kitabda AXC-nin Gəncədə 3 aylıq gərgin şəraitdəki fəaliyyətinə dair maraqlı faktların yer aldığını, hüquqi aktlarla əlaqədar bugünədək məlum olmayan bir sıra məqamlara aydınlıq gətirildiyini bildirib.

Tədbirdə nəşrin tərtibçisi, tarix üzrə elmlər doktoru, professor Həsənbala Sadıqovun sözügedən kitabla bağlı elmi məruzəsi dinlənilib. Qeyd edib ki, AXC-nin 100 illiyinə töhfə olaraq hazırlanmış vəsait Cümhuriyyətə dair arxiv sənədləri, çap olunan sənədlər məcmuələri və dünyada nəşr olunan əsərlər əsasında tərtib edilib. O, bu həcmdə xronologiyanın ilk dəfə çap edildiyini, arxiv materiallarının tərcüməsi zamanı orijinallığın qorunub saxlanıldığını deyib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.