www.science.az
12.04.2018 08:13

Azərbaycanlı fizioloqlar belaruslu həmkarları ilə birgə qocalmaya dair tədqiqatlar aparır

AMEA-nın Fiziologiya İnstitutu və Belarus Milli Elmlər Akademyasının Fiziologiya İnstitutu “Qocalma prosesində innovativ reabilitasiya tədbirlərinin işlənib hazırlanması məqsədi ilə Alzheymer xəstəliyinin eksperimental modelində görmə sisteminin funksiyalarının pozulması mexanizmlərinin neyrofizioloji analizi” mövzusunda birgə elmi tədqiqat aparırlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində olfaktor bulboektomiya vasitəsilə davranışın eksperimental pozulması və Morrisin su hövzəsində heyvanların fəza (naviqasiya) yaddaşının yoxlanılması ilə bağlı tədqiqatlar aparılır. İlkin nəticələr göstərir ki, bulboektomiya olunmaqla yaddaşı pisləşmiş heyvanlara sarıkök məhlulunu peroral vermək fəza yaddaşında mühüm yaxşılaşmaya gətirib çıxarır.

Neyrodegenerativ xəstəliklərin erkən mərhələsində istifadə olunacaq kök hücey­rə­lə­ri, sarıkök və zəfəranın köməyilə bərpa proseslərinə nail olmaqla innovativ reabilitasiya tədbirlərinin işlənib hazırlanması da tədqiqatın məqsədinə daxildir.

Aparılmış əvvəlki tədqiqatlar göstərir ki, amiqdala görmə funksiyasına daimi nəzarət edir. Amiqdala görmə məlumatının bioloji əhəmiyyətinin qiymətləndirməsində iştirak edir, həmçinin görmə obrazının identifikasiyası və diskriminasiyasını həyata keçirir. Görmə-amiqdalyar sistemdə genetik determinləşmiş qarşılıqlı münasibətlərdə yaranan destruktiv mexanizmlər aqnostik proseslər zamanı (xüsusilə Alzheymer xəstəliyində) koqnitiv patologiyanın inkişafının əsasında dura bilər.

Tədqiqatlar nevrologiya və oftalmologiya sahəsində müxtəlif neyrode­ge­ne­rativ xəstəliklərin proqnostik məqsədlə keçirilən klinikaya qədərki qeyri-invaziv diaqnostikası üçün praktiki tövsiyələr hazırlamağa imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.