www.science.az
13.04.2018 09:11

“Azərbaycan xalçaları” jurnalının növbəti nömrəsi çap edilib

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və AMEA Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” jurnalının 25-ci sayı işıq üzü görüb. Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, müxtəlif xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi  ilə bağlı silsilə yazılar, həmçinin “Araz-Türk respublikasının yaranması və bölgənin erməni işğalından qorunması uğrunda mübarizəsi”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik”, “Sirabçay və Naxçıvançay vadisinin qədim mədəniyyətləri”, “Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Demokratik Respublikasına aid eksponatlar”, “Qafqaz Kustar Komitəsinin tarixindən”, “Naxçıvanın dialekt və şivələrində xalçaçılıq terminologiyası”, “Qarabağ elatlarının təsərrüfat həyatından” və digər bu kimi mövzularda məqalələr dərc edilib.

Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovdur.       

Nəşrin elektron variantı ilə http://azerilme.az/Azerbaycan-xalcalari linkindən tanış olmaq olar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.