www.science.az
13.04.2018 10:31

Naxçıvan təpə yaşayış yerinin arxeoloji tədqiqatlarına həsr olunan yeni nəşr

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən “Naxçıvan təpə yaşayış yerində arxeoloji tədqiqatlar” adlı kitab üç dildə (Azərbaycan, ingilis, rus) nəşr olunub.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, Turan Həşimova, Kamran Mehbalıyev və Elmar Baxşəliyevin həmmüəllifi olduqları kitab bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunub.

Nəşrdə AMEA-nın müxbir üzvü V.Baxşəliyevin rəhbərliyi ilə ötən il Naxçıvan ərazisində Cənubi Qafqazın ən qədim Eneolit abidəsi olan Naxçıvan təpə yaşayış yerində aparılan arxeoloji araşdırmaların nəticələri öz əksini tapıb.

Arxeoloji tədqiqatların nəticələri Naxçıvan təpə yaşayış yerinin Eneolit dövrünün erkən mərhələsinə aid olduğunu, Naxçıvan şəhərində məskunlaşmanın 8 min il bundan əvvəl başlandığı təsdiq edib. Müəlliflər yeni yaşayış yerinin tədqiqinin yalnız Azərbaycanın deyil, bütövlükdə bütün Cənubi Qafqazın Eneolit mədəniyyətinin ardıcıl mərhələlərini öyrənmək baxımından əhəmiyyətli olduğunu bildirirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.