Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Avstriyalı alimlər Coğrafiya İnstitutunda olublar
13.04.2018 10:43
  • A-
  • A
  • A+

Avstriyalı alimlər Coğrafiya İnstitutunda olublar

Avstriyanın Montan və Qraz Texnologiya universitetlərinin nümayəndələri AMEA-nın Coğrafiya İnstitutunda (Cİ) olublar.

Məqsəd Miosen dövrünün paleocoğrafi şəraitini öyrənməkdir.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov qonaqlarla görüş zamanı səfərin 3 qurum arasında elmi və təcrübi əməkdaşlığın inkişafına təkan verəcəyini bildirib.

Sonra Montan Universitetinin Neft geologiyası bölməsinin rəhbəri, professor Reinhard Sachsenhofer, Qraz Texnologiya Universitetinin şöbə müdiri, professor Andre Baldermann, Cİ-nin Paleocoğrafiya şöbəsinin müdiri, c.ü.e.d. Yelena Tağıyeva, Geologiya və Geofizika İnstitutunun elmi işçisi, y.e.ü.f.d. Şəfəq Bayramova və “BP Caspian” şirkətinin əməkdaşı  Nazim Abdullayev mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Daha sonra A.Baldermann Coğrafiya İnstitutunun elmi seminarında "Şərqi Paratetizin Miosen dövrünün paleoiqlimi" mövzusunda məruzə söyləyib. Təqdim edilən məruzə Qraz Texnologiya Universitetinin Tətbiqi Yer Elmləri İnstitutu ilə Cİ-nin Paleocoğrafiya şöbəsinin birgə apardıqları tədqiqatları əks etdirir. Bu məqsədlə sözügedən universitetdə mineraloji və geokimyəvi analizlər aparılıb.

Səfər çərçivəsində avstriyalı qonaqlar Şamaxı-Qobustan, İslamdağ ərazisində çöl ekspedisiyasında iştirak edib, orada yer səthinə çıxmış alt və orta Miosen yaşlı çöküntülərin olduqları sahələrə baxış keçirib, gələcəkdə birgə əməkdaşlıq üçün doğru kəsilişlər seçiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: