Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.04.2018 13:28
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutu ilə Xarkov Milli Radio Elektronika Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

İnformasiya Texnologiyaları İnstitutu ilə Xarkov Milli Radio Elektronika Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Ukraynanın Tətbiqi Radio Elektronika Elmlər Akademiyasının həqiqi üzvü, Xarkov Milli Radio Elektronika Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru, Azərbaycanın Əməkdar elm xadimi, professor Murad Ömərovla görüş keçirilib. Məqsəd institut ilə Xarkov Milli Radio Elektronika Universiteti ilə elmi əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Görüşdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək elm və təhsilin inteqrasiyasına xidmət edən hər bir elmi-tədqiqat müəssisəsi üçün beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsinin institutun prioritet məsələlərindən olduğunu qeyd edib. Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə qonağa məlumat verən alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi-tədqiqatlar, əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı görülən işlərdən söz açıb. O, Ukraynanın bir sıra elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq istiqamətində sıx münasibətlərin mövcud olduğunu və bu əlaqələrin genişləndirilməəsinin vacibliyini vurğulayıb.

Alim bildirib ki, iki ölkə arasında elmi əməkdaşlıq əlaqələrinin davam etdirilməsi Azərbaycanda elm sahəsində əldə olunan nailiyyətlərin Ukrayna ictimaiyyətinə təqdim edilməsinə və diaspor fəaliyyətinin daha da güclənməsinə geniş imkanlar açır.

R.Əliquliyevin sözlərinə görə, müəssisələr arasında birgə konfransların keçirilməsi və qrantlarda iştirak, kibertəhlükəsizlik və elektron təhlükəsizlik sahələrində aparılan tədqiqatlara dəstək, eləcə də jurnallarda təmsilçilik üzrə təcrübə mübadiləsinin aparılması hər iki qurumun gələcək fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacaq.

Sonra Murad Ömərov diaspor təşkilatının üzvü kimi müxtəlif ölkələrin təhsil müəssisələri ilə elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil layihələrinin və bu sahədə təcrübə mübadiləsinin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər haqqında məlumat verib. Qonaq İnformasiya Texnologiyaları İnstitutu ilə birgə elmi tədqiqatların aparılmasında və əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib. O, gələcəkdə iki ölkənin elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması və birgə tədqiqatlarda iştirakın zəruriliyini qeyd edib.

Sonda müzakirələr aparılıb, iki qurum arasında elmi əlaqələrin qurulması məqsədilə memorandumun imzalanmasına dair razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: