www.science.az
17.04.2018 11:34

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

Aprelin 17-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda II respublika elmi konfransı keçirilib.

İki seksiyadan ibarət olan konfransda muzey əməkdaşları ilə yanaşı, respublikanın müxtəlif elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak ediblər.  

Tədbiri muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna tarixi xidmətlərindən danışıb. Dahi liderin hər zaman Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi-mədəni irsinin öyrənilməsinə və təbliğinə xüsusi diqqət göstərdiyini vurğulayan N.Vəlixanlı qeyd edib ki, ulu öndər H.Əliyevin təşəbbüsü ilə 1969-cu ildə “Respublikada muzey işinin yaxşılaşdırılması haqqında” qərar qəbul edilib və bu sənəd ölkəmizdə muzeylərin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, onların şəbəkəsinin genişləndirilməsinə təkan verib. 

Ümummilli lider Heydər Əliyev tərəfindən 1980-ci ildə muzey işinə dair növbəti qərarın qəbul olunduğunu xatırladan N.Vəlixanlı 1980-1982-ci illərdə respublikada 30-a yaxın muzeyin fəaliyyətə başladığını bildirib. Alim dahi liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə ölkəmizdə bu sahəyə xüsusi diqqətin yetirildiyini, muzey işinin dünyəvi prinsiplər əsasında inkişaf etdirilməsi üçün 24 mart 2000-ci ildə "Muzeylər haqqında" Qanunun qəbul olunduğunu diqqətə çatdırıb.

Muzey direktoru mədəni irsimizin qorunub saxlanılması və təbliği siyasətinin bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyərək, 6 mart 2007-ci ildə ölkə başçısı tərəfindən imzalanan "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" Sərəncamı xatırladıb.

Çıxışının sonunda N.Vəlixanlı rəhbərlik etdiyi müəssisədə milli dəyərlərimizin mühafizəsi, bərpası və təbliği istiqamətində görülən işlərdən bəhs edib.

Sonra konfransda muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın "Maarifçiliyin və elmi irsin təbliği sahəsində Milli Azərbaycan Tarixi Muzeyinin son illər fəaliyyəti", müəssisənin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, t.ü.e.d., professor Əli Rəcəblinin "Şirvanşah - Səfəvi konfrantasiyası (numizmatik faktlar əsasında), Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Muzey işi sektorunun müdiri Pakizə Almazovanın "Heydər Əliyevin mədəni irsimizin qorunması və təbliğində rolu" və Azərbaycan Milli Kitabxanasının Kitabxanaşünaslıq elmi-tədqiqat şöbəsinin müdiri Aygün Hacıyevanın "Azərbaycan Milli Kitabxanasının nadir və qiymətli ədəbiyyat fondu" mövzusunda məruzələri dinlənilib.

Konfrans öz işini seksiya iclasları ilə davam etdirib. İclaslarda tarix, etnoqrafiya, arxeologiya, numizmatika, muzey, kitabxana və arxiv mövzuları üzrə 50-ə yaxın elmi məruzə dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.