Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.04.2018 12:26
  • A-
  • A
  • A+

Görkəmli dilçi-alim Vaqif Aslanovun 90 illik yubileyinə həsr olunan konfrans keçirilib

Görkəmli dilçi-alim Vaqif Aslanovun 90 illik yubileyinə həsr olunan konfrans keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli dilçi-alim, türkoloq, leksikoloq, şərqşünas, tərcüməçi, professor Vaqif Aslanovun 90 illik yubileyinə həsr olunan “Sələflər və xələflər: Vaqif Aslanov və türkologiyanın aktual problemləri” adlı elmi-nəzəri konfrans keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Vaqif Aslanovun həyat və elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan türkologiyasının fəxri sayılan V.Aslanov 1972-ci ildə AMEA-nın Dilçilik İnstitutunda türk dilləri şöbəsinin ilk müdiri seçilib. Görkəmli alim Azərbaycan dilinin və klassiklərin dilinin araşdırılması yolunda zəhmət və biliyini əsirgəməyib. O, "Kitabi Dədə Qorqud" dastanını ilk dəfə olaraq dilçilik baxımından tədqiq edib.

Alimin “Azərbaycan dilinin tarixi leksikologiyası" əsəri ilə SSRİ-də aparılan manqurtlaşdırma siyasətinə qarşı çıxdığını deyən İ.Həbibbəyli qeyd edib ki, V.Aslanov bu əsərlə özünün azərbaycançılıq mövqeyini və milli təfəkkür ideyasını ortaya qoyub. Diqqətə çatdırılıb ki, həmin dövrdə bütün SSRİ-də yayılan əsəri rus alimi Andrey Kononov Bakıda keçirilən ümumtürkoloji konfransda "Türkologiyada kəşf" adlandırıb.

V.Aslanovun özünəxas dilçilik məktəbi yaratdığını deyən İ.Həbibbəyli onun əsərlərinin bu gün də aktuallığını qoruyaraq bir çox alimin istinad yeri olduğunu söyləyib. AMEA-nın vitse-prezidenti dilçiliyin fundamental problemlərini araşdırmaqla yanaşı, bu sahədə iz qoymuş şəxslərin cəmiyyətə təqdim olunmasının zəruriliyini vurğulayıb.

Akademik İ.Həbibbəyli Dilçilik İnstitutunun bu gün Azərbaycan cəmiyyətində fəal şəkildə iştirak etdiyini və “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini hazırladığını da diqqətə çatdırıb.

Sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, fil.e.d. Çingiz Hüseynzadə alimlə bağlı xatirələrini bölüşüb.

Konfransda, həmçinin Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun "Görkəmli dilçi-alim Vaqif Aslanov", professor Roza Eyvazovanın "Vaqif Aslanov və rekonstruksiya məsələləri", professor Sevil Mehdiyevanın "Vaqif Aslanov və yazıyaqədərki Azərbaycan dili tarixinin məsələləri" və f.e.d. Kamilə Vəliyevanın "Türk dünyasının görkəmli türkoloqu Vaqif Aslanovun elmi irsi" adlı məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: