www.science.az
27.04.2018 08:59

Torpaqşünaslıq və Aqrokimya İnstitutu "Azərkosmos" ASC ilə əməkdaşlıq edəcək

"Azərkosmos" ASC-nin nümayəndələri AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşdə "Azərkosmos" ASC-nin sədr müavini Rövşən Rüstəmov bildirib ki, təmsil etdiyi qurumun əsas məqsədi "Azersky" peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsinə təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir.

Sonra "Azərkosmos" ASC-nin nümayəndəsi "Meliorasiya ehtiyacları üçün peyk xidmətlərinin tətbiq istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə  "Azersky", "SPOT 6" və "Pleiades" peyklərinin texniki xüsusiyyətləri, peyk təsvirlərinin ətraf mühitin öyrənilməsində istifadəsi və geoməkan tədqiqatları haqqında məlumat verilib. 

Görüşdə, o cümlədən peyk təsvirlərinin digər sahələrdə tətbiq imkanları, şorlaşmış torpaqların yayılma sahələri, sərhədləri, şorlaşma dərəcələrinin müəyyən edilməsi və elektron xəritələrin tərtibi, eyni zamanda əkin sahələrində aqro-ekomeliorativ vəziyyətin tədqiqi və digər maraqlı məsələlər müzakirə olunub. 

Sonda iki qurum arasında gələcəkdə birgə elmi-tədqiqat işlərinin aparılması barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.