Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Çaqqallıqtəpə abidəsində aparılan arxeoloji qazıntılar Kür-Araz mədəniyyətinə xas yeni tikili qalıqlarını üzə çıxarıb
07.05.2018 09:27
  • A-
  • A
  • A+

Çaqqallıqtəpə abidəsində aparılan arxeoloji qazıntılar Kür-Araz mədəniyyətinə xas yeni tikili qalıqlarını üzə çıxarıb

Şabran rayonu ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində aparılan arxeoloji qazıntıların növbəti mərhələsi zamanı Kür-Araz mədəniyyətinə xas olan yeni tikili qalıqları aşkarlanıb.

Rayonun Aygünlü kəndi ərazisində yerləşən abidədə aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının üzvü Sevinc Hüseynova bildirib ki, qazıntıların bu mərhələsində dairəvi formalı, Kür-Araz mədəniyyətinə aid tikili qalığı aşkarlanıb. Üzə çıxan tikilinin 4 düzümdən ibarət kərpicləri üst-üstədir. Bu cür evin qalması həmin dövrə aid çox nadir tapıntıdır.

Arxeoloq əlavə edib ki, qazıntıların bu mərhələsində aşkarlanan ən əhəmiyyətli tapıntılar elmi ədəbiyyatda tokin adlandırılan gil əşyalardır. Tokinlər yazıyaqədər mübadilədə istifadə olunan gildən hazırlanmış xüsusi jetonlardır. Erkən tunc dövrünə aid bu əşyalara indiyədək Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikası ərazisindəki Maxta tarixi abidəsində rast gəlinib. Tokinlər Çaqqallıqtəpənin yerləşdiyi ərazidə ilkin inzibati idarəetmənin, yəni dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edir.

Çaqqallıqtəpə ərazisindəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. Ərazidə qədim təpəliklər mövcuddur. 2016-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Çaqqallıqtəpədə 5 min illik tarixə malik qazma evlər üzə çıxıb.

Arxeoloji qazıntılara gələcəkdə beynəlxalq ekspedisiyaların cəlb olunması və ərazidə genişmiqyaslı araşdırmaların aparılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: