www.science.az
10.05.2018 11:50

Görkəmli xanəndə Eynulla Cəbrayılovun xatirəsi anılıb

AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə muğam sənətimizin görkəmli nümayəndəsi Eynulla Cəbrayılovun xatirəsinə həsr olunan ədəbi-bədii gecə keçirilib. 

Kürdəmir rayon Mədəniyyət mərkəzində baş tutan tədbirdə muzeyin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı muğamın nəsildən-nəslə ötürülməsində əvəzsiz xidmətləri olan görkəmli sənətkar Eynulla Cəbrayılovun yaradıcılığına nəzər salıb. Bildirib ki, Şirvan musiqi mühitində yetişən E.Cəbrayılov bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnib, muğam və aşıq sənətinin sirlərinə yiyələnib. O, ifaçılığında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmağa nail olub.

Sonra Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov çıxış edərək E.Cəbrayılovun aşıq havalarını (“Nazlana-nazlana”, “Bala nərgiz”, “Kimə yalvarım” və s.) böyük şövqlə oxuyan xanəndə kimi məşhurlaşdığını söyləyib.

“E.Cəbrayılov geniş diapazonlu, rəngarəng tembrli güclü səsə malik xanəndə olmuşdur” –deyən idarə rəisi sənətkarın ifasında “Rast”, “Segah-Zabul”, “Mirzə Hüseyn Segahı”, “Çahargah” və başqa muğamların Azərbaycan Televiziyasının qızıl fondunda saxlanıldığını diqqətə çatdırıb.

Daha sonra akademik Vasim Məmmədəliyev, Xalq artisti, professor Mirnazim Əsədullayev, Əməkdar artist, tarzən, professor Vamiq Məmmədəliyev, Göyçay Uşaq incəsənət məktəbinin direktoru Rövşən Zamanov, yazıçı-publisist Yusif Cəfərli çıxış edərək görkəmli sənətkarla bağlı xatirələrini bölüşüb, onun mənəvi keyfiyyətlərindən danışıblar. 

Sonda tədbir bədii hissə ilə davam etdirilib. Gecədə tanınmış xanəndə və aşıqların ifasında canlı musiqilər, eləcə də E.Cəbrayılovun lent yazıları səsləndirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.