www.science.az
14.05.2018 08:38

“Daxili su hövzələrinin problemləri: Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Mayın 12-də AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Beynəlxalq İslam Ölkələri Elm və Okeanoqrafik Texnologiya Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Daxili su hövzələrinin problemləri: Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfransın işində Azərbaycanla yanaşı, Almaniya, İsveçrə, ABŞ, Fransa, Rusiya və digər ölkələrdən tədqiqatçı alimlər iştirak edirlər.

Tədbirdə çıxış edən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, konfransda Xəzər dənizi, Aral, Van və Urmiya gölləri hövzəsi üzrə mövcud problemlərin həlli yolları araşdırılacaq, bu istiqamətdə beynəlxalq elmi əməkdaşlıq mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunacaq. R.Məmmədov planetin müxtəlif səbəb və aspektlərdən təhlükə qarşısında olduğunu söyləyib.

“Əsas təhlükə planetin atmosfer havasının istiləşməsidir. Bu, gələcəyin ən böyük problemi olaraq qalır” – deyə bildirən institut direktoru qeyd edib ki, istiləşmə özünü daha çox həssas olan daxili sularda tapır. Daxili suların da ən bariz nümunəsi Xəzər dənizidir. Ona görə də insanlar Xəzər dənizinin ətraf mühitini, biomüxtəlifliyini, fiziki şəraitini mühafizə etməlidirlər.

Konfransa qatılan alimlərin Xəzər dənizinin biomüxtəlifliyinə, iqtisadi-sosial və fiziki şəraitinə dair öz yanaşmalarının olduğunu söyləyən akademik R.Məmmədov tədbirdə xarici ölkə alimləri ilə birgə qarşıdan gələn fəlakətlərin qarşısının alınması yollarının araşdırılacağını bildirib.

Tədbirdə yerli və xarici mütəxəssislər “İqlim dəyişikliyinin təsirləri: dəniz səviyyəsi, bioresurslar, biomüxtəliflik, dənizin ekologiyası və balıq ehtiyatları”, “Hövzənin iqlim və hidrometeoroloji xüsusiyyətləri”, “Xəzər regionunda beynəlxalq əməkdaşlıq, sosial-iqtisadi inkişaf, sənaye və enerji” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonra konfrans işini bölmələr üzrə davam etdirib. Bölmə iclaslarında “Xəzər dənizinin fiziki və kimyəvi xüsusiyyətləri”, “Dənizin geologiyası, geomorfologiyası və paleocografiyası”, “Dənizin geofizikası, seysmologiyası, seysmik təhlükənin qiymətləndirilməsi”, “Müasir iqlim dəyişmələri tendensiyasının tədqiqinə dair məsafədən zondlama və CİS tətbiqi”, “Xəzər dənizinin davamlı inkişafı, risklər, fəlakət və təhlükələr”, “Xəzər dənizi ekosistemi sağlamlığının qorunması və dəyişməsi” və digər mövzularda məruzələr dinlənilib.

Konfrans mayın 14-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.