www.science.az
14.05.2018 13:30

Akademik Möhsün Nağısoylu Türkiyədə elmi ezamiyyətdə olub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Türkiyənin Ankara şəhərində yerləşən Hacettepe Universitetində ezamiyyətdə olub.

Məqsəd Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun 2015-ci ildə elan etdiyi qrant müsabiqəsinin qalibi olmuş “Müasir Azərbaycan ədəbi dilində elmi terminologiyanın formalaşması və dilin lüğət tərkibinin zənginləşməsi yolları” layihəsinin yerinə yetirilməsidir.

Səfər çərçivəsində M.Nağısoylu Hacettepe Universitetinin Lüğət Araşdırmaları Mərkəzinin direktoru, professor Şükrü Haluk Akalınla görüşüb.

Görüşdə orta əsrlərdə Azərbaycan türkcəsini zənginləşdirən qaynaqlar barədə məlumat verən M.Nağısoylu bildirib ki, ilk növbədə şair və yazıçılar orta əsrlərdə Azərbaycan milli ədəbi dilini - türkcəni yaşadan, onu zənginləşdirərək gələcək nəsillərə çatdıran söz ustadlarıdır. O, doğma ana dilində yazıb-yaradan ilk Azərbaycan şairləri sırasında İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi görkəmli ədiblərin irsinin təbliğinin əhəmiyyətini vurğulayıb.

Səfər çərçivəsində akademik M.Nağısoylu Türk Dil Qurumunun sədri Mustafa Kaçalinlə də görüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.