www.science.az
15.05.2018 07:15

Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala

Ulu Öndər, Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət və böyük insan, XX əsrin görkəmli dünya siyasətçiləri arasında təkrarsız yeri olan Heydər Əliyevin tarixi obrazı xalqımızın yaddaşında və qəlbində əbədi iz salmışdır.  

Öz əsrinin az qala yaşıdı olan Heydər Əliyevin adı ilə milli tariximizin böyük mərhələləri - II dünya müharibəsi dövrü, müharibədən sonrakı 1950-1960-cı illərin mülayimləşmə dövrü, 1970-1980-ci illərin Azərbaycanın böyük iqtisadi və mədəni dirçəliş dövrü, ən nəhayət müstəqillik epoxası, Müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafı dövrü qırılmaz tellərlə bağlıdır. Azərbaycanın müasirliyi, müasir Azərbaycan varlığı bilavasitə Heydər Əliyevin  ideya və ideallarının, amal və əməllərinin nəticəsidir.

Bütün bu tarixi gerçəklər tarixşünaslara, siyasətşünaslara, mədəniyyətşünaslara, sənətşünaslara, dilçi və ədəbiyyatşünaslara, ümumən humanitar elm sahəsi mütəxəssislərinə yaxşı bəlli olduğu kimi, ulu öndər haqqında yazılan onlarla monoqrafiya və kitablarda, yüzlərlə məqalə və yazılarda da araşdırılmış, qələmə alınmışdır.

Ən nəhayət, Heydər Əliyevin tarixi obrazına Ulu Öndərin hələ sağlığından başlayaraq bədii ədəbiyyat da müraciət etmiş, şairlər, yazıçılar, publisistlər, dramaturqlar, ədiblər xalqın mütəfəkkir rəhbərinin, Ümummilli liderinin, xilaskarının, dahi şəxsiyyət və insanın ölməz bədii obrazını yaratmağa çalışmışlar. Bu isə özlüyündə ədəbiyyatşünaslar qarşısında yeni vəzifələr qoymuşdur.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə hazırlanmış və təzəcə çapdan çıxmış “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” adlı monoqrafiyada (Bakı, “Elm və təhsil”, 2018) ədəbiyyatşünaslığımızda ilk dəfə olaraq məhz ədəbiyyatın Heydər Əliyev fenomeninə münasibəti, reaksiyası, dahi şəxsiyyətin bədii əsərlərdə obrazının təcəssümlənməsi məsələləri sistemli tədqiq olunur.

Kitaba yazdığı ön sözdə akademik İsa Həbibbəyli “Heydər Əliyev və ədəbiyyat” mövzusunda bu günə qədər bir çox tədqiqatları anaraq qeyd edir: “Oxuculara təqdim olunan bu kitaba qədər elmi ədəbiyyatlarda əsasən Heydər Əliyev və Azərbaycan ədəbiyyatı mövzusu ətrafında araşdırmalar aparılmış, ulu öndərin ədəbiyyatın inkişafındakı rolu və yeri məsələlərindən geniş bəhs olunmuşdur... İlk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunan “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” adlı kitabda ümumiyyətlə ədəbiyyatda, xüsusən də yazıçı və şairlərin yaradıcılığında görkəmli dövlət xadimi və böyük xilaskarın obrazının canlandırılması məsələlərindən bəhs edilmişdir... Əslində, təqdim olunan monoqrafiya Azərbaycan yazıçı və şairlərinin qüdrətli dövlət xadimi və parlaq şəxsiyyət olan Heydər Əliyevin xalqımız və müstəqil  dövlətimiz qarşısındakı xidmətlərinin ədəbiyyatda bədii əks-sədası istiqamətndəki yaradıcılıq axtarışlarının elmi-nəzəri dərkinə həsr olunmuşdur”.

Qeyd edim ki, akademik İsa Həbibbəylinin parlaq ideyası və ümumi rəhbərliyi altında ərsəyə gəlmiş, 400 səhifə həcmində, altı fəsildən ibarət hazırkı monoqrafiya üzərində tədqiqatçı qrupumuz böyük vəcdlə, eyni zamanda, Ulu Öndərin ölməz obrazı qarşısında duyduğumuz dərin məsuliyyət hissi ilə çalışmışdır. Axı nəinki ədəbiyyatşünaslıqda, bədii ədəbiyyatın özündə də hələ Heydər Əliyev mövzusu təzədir. 

Belə ki, mövzuya ədəbiyyatın əsas kateqoriyalarından olan janrlar üzrə nəzər salınmış, bu zaman hər janrın öz təbiətindən irəli gələn özünəməxsusluqlara diqqət edilmişdir. Təbii ki, bu gün öndə ümumxalq sevgisindən doğan poetik tərənnüm, təcəssüm, heyrət və məhəbbətin ifadəsi - poeziya; tarixi hadisələrə gerçək və birbaşa münasibətin faktı olan ədəbi publisistika gəlir. Bədii nəsrdə Heydər Əliyev mövzusunun inikası və dərki yenicə başlanılmış, amma kifayət qədər miqyaslı və əhatəlidir. Müasirləri Heydər Əliyev miqyasının əlçatmazlığını adətən uca, nəhəng dağla müqayisə edirlər. Belə ki, bu nəhənglikdən yaranan heyrəti ifadə etmək bir şeydir, həmin nəhəngliyi dərk və bədii təsvir etmək başqa bir məsələ. Zaman keçdikcə, uzaqlaşdıqca, Heydər Əliyev obrazının nəhəngliyi daha aydın görünür, dərk olunur, qələmə gəlir.

Məsuliyyətli və şərəfli olduğu qədər də, mövzunun mürəkkəbliyi, çətinliyi ilə ən çox dramaturqlar üzləşirlər. Heydər Əliyev haqqında səhnə əsərləri çox deyildir, amma vardır. Akademik İsa Həbibbəyli bu sıradan Hidayətin “Burdan min atlı keçdi”, Aqşin Babayevin “Xilaskar”, Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”, İftixar Piriyevin “Qurtuluş dastanı” pyeslərini qeyd edir. Həqiqətən də, nə qədər şərəfli olsa da, Heydər Əliyevin obrazını səhnədə canlandırmaq dramaturgiyadan və teatrdan böyük qüdrət istəyir. 

Kitabın birinci fəsli - akademik İsa Həbibbəylinin qələmə aldığı “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” məqaləsi monoqrafiyada Heydər Əliyev epoxasının ədəbiyyatına və bu ədəbiyyatın arxasında duran, dövrün ədəbiyyat siyasətini müəyyən edən böyük şəxsiyyətə ümumi nəzər salmaqla yanaşı, həm də bütövlükdə mövzuya yanaşmanın nəzəri-metodoloji prinsiplərini ortaya qoyur. Ulu Öndər Heydər Əliyevin ümummilli siyasəti və müasir Azərbaycançılıq ideologiyasının tərkib hissəsi olaraq yeritdiyi ədəbiyyat siyasəti xətti onun tarixən müəyyənləşmiş ədəbi obrazını da təqdim edir. Və bədii ədəbiyyat da ulu öndərin möhtəşəm obrazını həmin ümummilli maraqlar zəminində görür və dərk edir.

“Görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanlarının çox geniş miqyas”larından çıxış edən İsa Həbibbəyli, eyni zamanda, “dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimi”nin ədəbiyyata münasibətinin zəngin aspektlərini - xalqın taleyində, tarixi yaddaşında ədəbiyyata böyük önəm verməsi, millilik siyasəti, “xəlqilik, vətənpərvərlik, adət-ənənələrə dərin ehtiram, ana dilinin mövqeyinin genişləndirilməsi”, “Azərbaycan xalqının və ölkənin bütövlüyü düşüncəsinin cəmiyyətdə formalaşdırılması” məsələlərində ədəbiyyatın misilsiz roluna və bu zaman tarixilik prinsipi və müasirlik meyarlarına istinad etməsi məqamlarını müfəssəl olaraq, fakt və dəlillərə söykənərək şərh edir. Belə ki, müəllifə görə: “Bütövlükdə isə Heydər Əliyev ədəbiyyata xalqın milli-tarixi varlığının, mənəviyyatının üzvi tərkib hissəsi kimi baxmış, ədəbiyyatı cəmiyyəti və insanı dəyişdirib inkişaf etdirən bilik və hikmət xəzinəsi kimi dəyərləndirmişdir. Heydər Əliyevin ədəbiyyat sevgisi Vətən və xalq sevgisinin, milli dövlətçilik baxışlarının əsas göstəricilərindən, zəruri amillərindən birini təşkil edir”.

Akademik İsa Həbibbəylinin müəyyənləşdirdiyi tədqiqat prinsipləri - Ulu Öndərin tarixi obrazı ilə ədəbiyyatda təcəssüm olunan bədii obrazının ayrılmaz vəhdəti bütünlükdə monoqrafiyada qorunub-saxlanır.

Filologiya üzrə elmlər doktoru, dosent Elnarə Akimova “Poeziyada Heydər Əliyev idealı” fəslində uzun bir tarixi dövr ərzində, ötən əsrin 70-ci illərindən günümüzəcən poeziyada Heydər Əliyev mövzusunu izləməklə, geniş materialları üzə çıxarıb tədqiq etməklə yanaşı, həm də Ulu Öndərin özünün ədəbiyyata münasibətindən doğan tarixi obrazına diqqət yetirir. Belə ki, müəllifin poeziya nümunələri, çoxsaylı lirik şeirlər, nəğmələr və poemalar əsasında cızdığı obraz cizgiləri - “milli məfkurəli dövlət qurucusu”, “Heydər Əliyevlə əbədiləşən klassika”, “poeziyanın Allaha dönüşündə Heydər Əliyev məqamı”, “dissident siyasəti”, “özünəqayıdışın Cavid intibahı”, “istiqlal siyasətindən milli müstəqilliyə”, “xilaskarlıq missiyası” və s. məqamlar məhz möhtəşəm tarixi şəxsiyyətlə onun poeziyadakı obrazı arasında həmahəngliyi, uyarlığı, vəhdəti üzə çıxarır.

Son yarım əsrin poeziyası, müəllifin fikrincə, “Heydər Əliyev ədəbiyyatı” ilə nəfəs alır. Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Məmməd Arazın azadlıq və istiqlal lirikası ilə başlayan, ilk olaraq cənublu şair Bulud Qaraçorlu Səhəndin 1974-cü ildə Ulu Öndərə xitabən şeirilə əsası qoyulan poeziyada Heydər Əliyev mövzusu Söhrab Tahirin, Nəriman Həsənzadənin, Fikrət Qocanın, Mirvarid Dilbazinin, Nəbi Xəzrinin, Qabilin, Cabir Novruzun, Rəfiq Zəka Xəndanın, Hüseyn Kürdoğlunun, Məstan Günərin, Səyavuş Məmmədzadənin, Musa Urudun, Vahid Əzizin, Baba Vəziroğlunun, Vaqif Bəhmənlinin, Əli Rza Xələflinin, Yusif Nəğməkarın, Ağacəfər Həsənlinin, Vüqar Əhmədin, Oqtay Rzanın, Xanım İsmayılqızının, Elman Həbibin, Ramiz Məmmədzadənin, Ramiz Heydərin, Ramiz Duyğunun, Elxan Zal Qaraxanlının və onlarla şairlərimizin lirikasında inkişaf taparaq, Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”nda zirvəyə çatır, ədəbiyyatda Heydər Əliyev obrazı İdeala yüksəlir, əbədiyyət qazanır.

Monoqrafiyanın AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu tərəfindən qələmə alınmış “Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı” fəslində həm ümumxalq sevgisindən doğan folklor nümunələri - ulu öndər haqqında xalq arasında şifahi şəkildə yayılan əfsanələşmiş və lətifələşmiş əhvalatlar, o cümlədən, milli dəyərlərə, adət-ənənə və mərasimlərə Heydər Əliyev münasibətini ifadə edən hadisələr, həm də bədii nəsr əsərlərində Heydər Əliyev obrazının təcəssümü tədqiq olunur. Heydər Əliyevin obrazını təcəssümləndirən şifahi əhvalatlar, şəksiz ki, sovet rejimində yazıya alına bilməzdi. İlk dəfə müstəqillik dövründə yazıçı Əjdər Ol təşəbbüs edərək, həmin əhvalatların bir qismini “Müdriklik anları” (1996), bir il sonra təkmilləşdirərək bir daha “Müdriklik” (1998) adı ilə çap etdirir, “Canlı lətifələr, əhvalatlar, deyimlər” (2015) kitabına da daxil edir. Ulu öndərə ümumxalq sevgisinin faktı olan “Canlı lətifələr, əhvalatlar, deyimlər” həm də yazı ədəbiyyatı, bədii nəsr nümunəsidir. Heydər Əliyev obrazının dürüst, reallığa, tarixi həqiqətə tam uyğun əks olunmasında yazıçı sənətkarlığı mühüm rol oynayır.

Ulu öndərin həyat yolunu bütövlükdə ehtiva edən ayrıca bədii əsər, tarixi roman yazılmamışdırsa da, əvəzində bədii-sənədli janrda əsərlərdə, memuar nəsri nümunələrində, ümumən müstəqil Azərbaycan həyatı, dövlət və cəmiyyət quruculuğunu əks etdirən bir sıra roman və povestlərdə, o cümlədən, bədii detektiv əsərlərində Heydər Əliyev şəxsiyyəti, amal və əməlləri ən müxtəlif rakurslardan obrazlaşmışdır.

Heydər Əliyev mövzusunun nəsrdə inikası ən çox bədii-sənədli janrda reallaşmışdır. Söhbət Viktor Andriyanov və Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” bioqrafik silsiləsindən çap olunmuş “Heydər Əliyev” və Elmira Axundovanın altı cilddə, iri həcmli “Heydər Əliyev: şəxsiyyət və zaman” kitablarından gedir. Hər iki əsər rus və Azərbaycan dillərində böyük tirajla nəşr olunaraq geniş maraq və rəğbətlə qarşılanmışdır. Elmira Axundovanın altı cildliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək, Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Hər iki əsərdə Heydər Əliyev obrazı geniş zaman və tarix kontekstində işıqlandırılmış, geniş materiallar, sənədlər, canlı şahidlər və xatirələrin dili ilə, eyni zamanda, yüksək ideya-bədii sənətkarlıqla, iti yazıçı müşahidəsi, ümumiləşdirmə bacarığı, təsvir və təcəssüm ustalığı, dərin təhlillər və şərhlərlə, sirayətedici, oxucunu daim maraq təsirində saxlayan bədii üslubda təqdim olunmuşdur.

Heydər Əliyev obrazı bir sıra memuar nəsri nümunələrində - Anarın “Unudulmaz görüşlər”, Elçinin “Tarixlə üz-üzə dayanmış adam”, Mövlud Süleymanlının “Qırx ilin yeddi görüşü”, İsa Hüseynovun “Həyatımdan səhifələr”, Vidadi Babanlının “Unutmadığım günlər”, Hafiz Paşayevin “Bir səfirin manifesti”, Səyyad Aranın “Heydər Əliyevin Amerika fəthi”, Hüseynbala Mirələmovun “İşığın izi ilə” əsərlərində bu və ya digər rakursdan, Ulu Öndərlə görüşlərdən doğan canlı təəssürat əsasında əksini tapmışdır. Sabir Rüstəmxanlının “Xətai yurdu” romanında, Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” povestində, Afaq Məsudun “Dahi” hekayəsində hadisələrdən ani keçən Heydər Əliyevin tarixi obrazını görürük. Elmira Axundova və İsa Nəcəfovun “Naşirin ölümü”, İsa Nəcəfovun “Gecə yarısında qətl”, Elmira Axundovanın “Şüşə saray”, Çingiz Abdullayevin “Qanın üç rəngi” siyasi detektivlərində ulu öndərin xilaskarlıq missiyası gərgin hadisələr fonunda qələmə alınmışdır.

Ümumən bədii nəsrdə Heydər Əliyevin tarixi hünərləri xalqın xilaskarı, ümummilli lider, böyük dövlət xadimi və siyasətçi, müasir Azərbaycanın, müstəqil Azərbaycan dövlətinin memarı, mədəniyyət və cəmiyyət qurucusu, milli mənəviyyatın qoruyucusu, ədəbiyyat və sənət bilicisi, ali və dahi insan, möhtəşəm şəxsiyyət, ən böyük azərbaycanlı və s. məqamlarda təsvir olunmuş, ədəbiyyat çoxyönlü, çoxcəhətli, universal keyfiyyətlərin vəhdətini qapsayan Heydər Əliyev obrazının bütövlüyünü təqdim etməyə çalışmışdır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənovanın qələmə aldığı “Dahiyə layiq bədii-sənədli epopeya” fəslində bədii-sənədli janrda Heydər Əliyev obrazının təcəssümü araşdırılır, konkret olaraq ulu öndərin bioqrafı, yazıçı-publisist Elmira Axundovanın 6 cildlik “Heydər Əliyev: Şəxsiyyət və zaman” roman-tədqiqatı təhlil və şərh olunur. Tarixiliyi dürüst gözləməklə, tarixi şəxsiyyətə həm də müasir yanaşma tərzini: çoxsaylı sənədlər, canlı şahidlər və ən müxtəlif rakursları ehtiva edən sənədli epopeyanın məziyyətlərini üzə çıxaran tədqiqatçı həm də hər biri Heydər Əliyevin həyatının müəyyən bir mərhələsini əhatə edən cildlərə təfərrüatlı nəzər salır, Heydər Əliyev bioqrafiyasının keşməkeşli və zəngin səhifələrini müasir oxuculara tanıdır.

Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının yazdığı “Uşaq ədəbiyyatında Heydər Əliyev mövzusu” fəslində, adından da göründüyü kimi, müəllif ulu öndəri vəsf edən, balaca oxuculara tanıdan, ibrətlənməyə sövq edən dəyərli şeir və hekayələri tədqiqata cəlb etmiş, Zahid Xəlil, Nəbi Xəzri, Rafiq Yusifoğlu, Ələmdar Quluzadə, Rafael Hüseynov, Vahid Əziz, Bahar Bərdəli, Məmməd Namaz, Gülzar İbrahimova, Leyla Əliyeva, Əkbər Qoşalı və onlarla digər müəllifin öz əsərlərində məhz janrın tələblərinə uyğun yaratmağa nail olduğu parlaq obrazın ideya-mündəricəsini şərh etmişdir. “Hər bir insanın ilhamverici qüvvəsi var. Mənə ilham verən ən böyük qüvvə Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir, Azərbaycanın gələcəyidir” - deyə böyük inam və məhəbbətlə baxdığı gələcəyin təmsilçilərinə Heydər Əliyevin tarixi obrazının layiqincə tanıdılması uşaq ədəbiyyatının ümdə vəzifəsi kimi mənalandırılır.

Filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərlinin qələmə aldığı “Heydər Əliyevin ədəbi-filoloji portreti” fəslində çoxsaylı ədəbiyyatşünaslıq əsərləri, monoqrafiya və məqalələr əsasında görkəmli filoloq-alimlərin, ədəbiyyat xadimlərinin cızdığı ədəbiyyatdan və əbədiyyətdən görünən Heydər Əliyev obrazına diqqət cəlb olunur. Beləliklə də bədii təfəkkürün təqdim etdiyi Ulu Öndər obrazı, eyni zamanda, İsa Həbibbəyli, Bəkir Nəbiyev, Yaşar Qarayev, Teymur Kərimli, Teymur Əhmədov, Rafael Hüseynov, Nizami Cəfərov, Məhərrəm Qasımlı, Nizaməddin Şəmsizadə və b. ədəbiyyatşünasların, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Anar, Elçin  və b. ədiblərin elmi yaradıcılığı zəminində analitik təfəkkür süzgəcindən keçərək bir daha təsdiqini tapır, tamamlanır.

Ulu öndər Heydər Əliyevin adı, arzu və əməlləri onun ideya və ideallarında yaşayır. Monoqrafiyada bütün fəsillər məhz bu məqamı ifadə edən varis obrazına diqqət çəkməklə yekunlaşır. Belə ki, gündən-günə yeniləşən, çağdaş dünya meridianlarında yerini axtaran, Şərqdən Qərbə, Qərbdən Şərqə gedən yolların qovşağında hər gün daha da çox mərkəz, görüş, ünsiyyət məkanı rolunu oynayan, bəşəriyyətin taleyini düşünən ictimai-siyasi, tarixi-mədəni, qlobal, milli və multikultural ideyaların, ideologiyaların, müzakirə və tədbirlərin əsl sınaq meydanına çevrilən ən yeni Azərbaycanın obrazı məhz Heydər Əliyev ideya və ideallarının təcəssümüdür. Bu yeni əsərin, yeni Azərbaycanın qəhrəmanı - Heydər Əliyev yolunun layiqli davamçısı, ulu öndərin Azərbaycançılıq təlimini yeni tarixi şəraitdə yaradıcı şəkildə inkişaf etdirən, Azərbaycan adını, Azərbaycan xalqının xoş niyyət və məramlarını hər gün dünyaya daha da çox tanıdan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir. Yeni əsrin və əsərin qəhrəmanı haqqında ilk nümunələrin - poeziyada, ədəbi publisistikada,  bədii-sənədli janrda yaranması da bunu təsdiq edir. Bu həm də Heydər Əliyev ideyalarının gerçəkliyi və qələbəsidir.

Bütövlükdə, oxucuların diqqətinə çatdırılan “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” monoqrafiyası da həmin həqiqətin elmi təsdiqini verməyə çalışmışdır.

Tehran Mustafayev, AMEA-nın müxbir üzvü

525-ci qəzet