Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.05.2018 15:13
  • A-
  • A
  • A+

Məhəmməd Əmin Rəsulzadənin Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilmiş məktublarının təqdimatı olub

Məhəmməd Əmin Rəsulzadənin Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilmiş məktublarının təqdimatı olub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin azərbaycanlı mühacir Süleyman Təkinərə yazdığı və muzeyə hədiyyə edilmiş 29 məktubunun təqdimatı olub.

Təqdimat mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək tədbirin ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamı çərçivəsində keçirildiyini bildirib. Qeyd edib ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edilib və AXC-nin mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanıb, irqi, milli, dini, sinfi bərabərsizlik ortadan qaldırılıb, ilk dəfə dövlət qurumları formalaşdırılıb.

Alim muzeydə AXC ilə bağlı geniş elmi araşdırmaların aparıldığını da diqqətə çatdırıb.

Sonra çıxış edən muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov təqdimatı keçirilən məktubların 1950-1955-ci illəri əhatə etdiyini söyləyib. O, bu məktubların muzeyə Süleyman Təkinərin Bakıda yaşayan varisləri tərəfindən hədiyyə olunduğunu və Türkiyədə mühacirətdə yaşadığı illərdə həm ədəbiyyatçı, həm jurnalist, həm də publisist kimi fəaliyyət göstərdiyini deyib.

F.Cabbarov M.Rəsulzadənin məktublarda Azərbaycan mühacirətinin qarşısında duran vəzifələr haqqında fikirlərini S.Təkinərlə bölüşdüyünü, onun yaradıcılığına dair mülahizə və tövsiyyələrini bildirdiyini diqqətə çatdırıb.

Daha sonra məktubları muzeyə hədiyyə edən Rauf Həsənov və S.Təkinərin Almaniyada yaşayan qızı Leyla Deqner çıxış ediblər.

Sonda “Əzablı yollarla” filmindən S.Təkinərin M.Rəsulzadə ilə görüşündən fraqmentlər göstərilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: