www.science.az
17.05.2018 08:50

Görkəmli dilçi alim Qüdrət Cəfərovun 80 illik yubileyi qeyd olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdrət Cəfərovun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbiri institutun direktoru, akademik Möhsün Nağısoylu açaraq alimin həyat və fəaliyyətindən, dilçilik elminə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Q.Cəfərov hələ tələbə olarkən rus eposu “İqor Polku dastanı”nı Azərbaycan dilinə tərcümə edib və sözügedən əsər 1964-cü ildə akademik Məmməd Arif Dadaşzadənin redaktəsi ilə çapdan çıxıb.

Alimin çoxcəhətli fəaliyyətindən bəhs edən M.Nağısoylu onun Moskvada aspiranturada təhsil aldığını, 1971-ci ildə “Azərbaycan dilində qohumluq terminləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etdiyini diqqətə çatdırıb.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, professorlar - İsmayıl Kazımov, Sayalı Sadıqova, İsmayıl Məmmədli və digərləri çıxış edərək görkəmli alimin yaradıcılığından söz açıb, Q.Cəfərovun 80 illik ömrünün gənc nəsillər üçün nümunə olduğunu bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.