Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.05.2018 09:37
  • A-
  • A
  • A+

Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

Akademik Rafael Hüseynovun sədrliyi ilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şuranın 5-ci iclası keçirilib.

Bu dəfəki iclasda 12-si elmlər doktorluğu, 22-si isə fəlsəfə doktorluğu hazırlığı üzrə təqdim edilmiş 34 dissertasiya mövzusu müzakirə olunub, dissertant və doktorantlara tədqiqatlarını təkmilləşdirmələri üçün müvafiq tövsiyələr verilib.

Tədbirdə elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Günel Bayramovanın “Müxtəlif sistemli dillərdə ritorik fiqurların semio-koqnitiv xüsusiyyətləri”, Dilçilik İnstitutunun dissertantı Təhminə İsmayılovanın “Azərbaycan mətbuat dili mətn dilçiliyi aspektində (2010-2020-ci illərin qəzet materialları əsasında)”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Şəhla Qurbanovanın “Azərbaycan-Hindistan ədəbi əlaqələri”, Folklor İnstitutunun dissertantı Zümrüd Mənsimovanın “Azərbaycan folklorunda əcdad kultu və onun transformativ paradiqmaları”, AMEA Naxçıvan Bölməsinin doktorantı Leyla Səfərovanın “İngilis və Azərbaycan dillərində növ paradiqminin ifadə vasitələri və törəmə qrammatikasında bu problemin həlli məsələləri”, Azərbaycan Dillər Universitetinin doktorantı İmarət Süleymanovanın “Folklor frazeologiyasının struktur-semantik xüsusiyyətləri”, Dilçilik İnstitutunun dissertantı Fizuli Mustafayevin “Azərbaycanda kino dilinin üslubi-semantik xüsusiyyətləri” mövzuları adlarında heç bir dəyişiklik olunmadan təsdiq edilib.

Dilçilik İnstitutunun dissertantı Gültəkin Əliyevanın “Azərbaycan və rus dillərində sadə cümlənin növləri və tipologiyası” mövzusu “Azərbaycan və rus dillərində sadə cümlənin tipologiyası” kimi, Dilçilik İnstitutunun dissertantı Aysel Qəriblinin “Türk dili və türk dilləri anlayışının təşəkkülü tarixi” mövzusu “Türk dili və türk dilləri anlayışının formalaşması tarixinin elmi-metodoloji problemləri” şəklində adlarında müəyyən dəqiqləşdirilmə aparılmaqla təsdiq edilib.

İclasda “XIX-XX əsrin əvvəlləri Azərbaycan lirikasında ənənə və novatorluq poetik təfəkkürün dinamikası kimi”, “Çağdaş Azərbaycan nəsrində roman formalarının transformasiya yolları”, “Polyak ədəbiyyatı və Azərbaycan”, “Mirzə Fətəli Axundzadə obrazı Azərbaycan ədəbiyyatında”, “Müxtəlif sistemli dillərdə linqvokulturoloji informasiyanın koqnitiv qavranılması”, “Onlayn jurnalistikada peşəkarlıq problemləri”, “Müasir Azərbaycan dilində alman mənşəli alınmaların linqvo-praqmatik xüsusiyyətləri” və digər dissertasiya mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ümumiyyətlə, iclasda 9-unun adında dəyişiklik edilməklə 26 mövzu təsdiq edilib. Müzakirələrdə filologiya üzrə elmlər doktorları, professorlar Atamoğlan Həsənov, Bədirxan Əhmədov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, Azadə Musabəyli, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Qulu Məhərrəmli, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli, Paşa Kərimov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: