Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

24.05.2018 12:37
  • A-
  • A
  • A+

Sofiyada “Azərbaycanın arxeoloji irsi” mövzusunda sərgi təşkil olunub

Sofiyada “Azərbaycanın arxeoloji irsi” mövzusunda sərgi təşkil olunub

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub.

Səfər çərçivəsində Bolqarıstan Elmlər Akademiyasının (BEA) Eksperimental Morfologiya, Patologiya və Antropologiya, Ədəbiyyat və Milli Arxeologiya institutlarında görüşlər keçirilib, AMEA-nın Ədəbiyyat İnstitutu ilə BEA-nın Ədəbiyyat İnstitutu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə BEA-nın Milli Arxeologiya İnstitutu arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Eyni zamanda, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova BEA-nın Milli Arxeologiya İnstitutunda “Azərbaycanda arxeoloji tədqiqatlar” mövzusunda məruzə ilə çıxış edib. Alim ölkəmizdə aparılan arxeoloji qazıntılar, aşkarlanmış zəngin maddi-mədəniyyət nümunələri, bu sahədə əldə olunan nailiyyətlər və institutun həyata keçirdiyi layihələr barədə məlumat verib, bolqar mütəxəssislərin suallarını cavablandırıb.

Səfər çərçivəsində, həmçinin Bolqarıstanın paytaxtı Sofiya şəhərində “Azərbaycanın arxeoloji irsi” mövzusunda fotosərgi keçirilib.

Sərginin açılışında akademik İsa Həbibbəyli, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, professor Maisə Rəhimova, BEA-nın vitse-prezidenti Vasil Nikolov, BEA-nın Milli Arxeologiya İnstitutunun direktoru Ludmil Vaqalinski, Bolqarıstanın Xarici İşlər Nazirliyi, eləcə də digər dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkənin aparıcı QHT və KİV nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Gecənin açılışında Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova cari ildə müsəlman və türk dünyasında ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünün geniş qeyd edildiyini, bununla əlaqədar bolqar tərəfdaşlarla birlikdə silsilə tədbirlərin keçirildiyini və hazırki sərginin bunun parlaq nümunəsi olduğunu diqqətə çatdırıb.

Səfir sərginin Azərbaycanda aparılan arxeoloji qazıntılar, eləcə də bu sahədə əldə olunan son nailiyyətlərə nəzər salmağa, həmçinin ölkəmizin qədim tarixi və zəngin mədəni irsini nümayiş etdirməyə imkan verdiyini söyləyib.

N.Qurbanova məşhur Azıx mağarasının yerləşdiyi Dağlıq Qarabağ ərazisinin hazırda Ermənistan tərəfindən işğal edildiyi, işğalın maddi və insan tələfatı ilə yanaşı, ölkəmizin mədəni və tarixi irsinə vurduğu faciəvi nəticələr barədə danışıb, beynəlxalq hüquqa əsasən, silahlı münaqişələr zamanı mədəni mülkiyyət və tarixi irsə qarşı yönəldilən aktların müharibə cinayəti olduğunu bildirib.

Sərginin ölkəmizin tarixi və mədəni irsini təşviq etmək məqsədi daşıdığını vurğulayan səfir, həmçinin onun Bolqarıstandan olan mütəxəssislərə azərbaycanlı həmkarları ilə bu sahədə elmi-tədqiqat əməkdaşlığı üçün imkanlar yaratdığını deyib.

BEA-nın Milli Arxeologiya İnstitutunun direktoru L.Vaqalinski sərginin Azərbaycan tarixini daha yaxından öyrənməyə şərait yaratdığını söyləyib. İki qurum arasında imzalanmış əməkdaşlıq haqqında sazişi yüksək dəyərləndirən direktor bununla institutlar arasında əməkdaşlığın hüquqi bazasının əsasının qoyulduğunu və bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Tədbirdə BEA-nın vitse-prezidenti V.Nikolov iki ölkənin elmlər akademiyaları arasında əməkdaşlığın yüksələn xətt üzrə davam etdiyini vurğulayıb. O, ötən il AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Bolqarıstana səfərini xatırladaraq, müvafiq institutlar arasında imzalanmış sənədlərin digər elm müəssisələri üçün örnək olacağını vurğulayıb.

İki ölkənin əlaqələrindən söz açan akademik İ.Həbibbəyli Azərbaycan elminin, mədəniyyətinin Bolqarıstanda təbliğinin böyük əhəmiyyət daşıdığını qeyd edib. Son zamanlar akademiyalar arasında əməkdaşlığın daha da möhkəmləndiyini deyən AMEA-nın vitse-prezidenti bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib. İ.Həbibbəyli rəhbərlik etdiyi Ədəbiyyat İnstitutu ilə BEA-nın Ədəbiyyat İnstitutu arasında anlaşma memorandumunun imzalanması barədə də məlumat verib.

Səfər zamanı akademiklər İ.Həbibbəyli və N.Axundova Bolqarıstanın nüfuzlu “Fokus” radiosuna müsahibə veriblər. Alimlər bolqarıstanlı dinləyicilərə Azərbaycan elmindəki yeniliklər, xüsusilə arxeologiya sahəsində əldə edilən nailiyyətlər barədə məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad 

 

  • Paylaş: