www.science.az
24.05.2018 14:28

“Ədəbi redaktənin əsasları: tarixi, nəzəriyyəsi, təcrübəsi” adlı dərs vəsaiti ictimaiyyətə təqdim olunub

Mayın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbində universitetin Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının professoru, Azərbaycan Yazıçılar Birliyi Cəfər Cabbarlı Komissiyasının sədri, AMEA-nın Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Asif Rüstəmlinin “Ədəbi redaktənin əsasları: tarixi, nəzəriyyəsi, təcrübəsi” adlı dərs vəsaitinin təqdi­matı keçirilib.

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan təd­birdə universitetin professor-müəllim heyəti və tələbələri, həmçinin Ədəbiyyat İnstitu­tu­nun alimləri iştirak ediblər.

Əvvəlcə universitetin Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə elmlər dok­toru, professor Aqşin Babayev çıxış edərək yeni nəşrin məziyyətlərindən söz açıb, kitabın elmi əhəmiyyətliliyi ilə yanaşı, pedaqoji sahədə çox qiymətli vəsait, geniş ictimaiyyət üçün dəyərli maarifləndirici mənbə olduğunu söyləyib. Dərs vəsaitini elmi-nəzəri təhlilə cəlb edən professor A.Babayev onun çapının ədəbi bədii redaktə sahəsində dəyərli məxəz olacağını vurğulayıb.

Sonra ADMİU-nun Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müəllimi Natiq Mürsəlov yeni nəşr haqqında ətraflı məlumat verərək bildirib ki, ümumi redaktə işinin aparıcı və mühüm qolu olan bu dərs vəsaitində ədəbi redaktənin əsasları tarixi, nəzəri və təcrübi aspektlərdən təhlil edilib. Bildirib ki, universitetin Elmi şurasının qərarı ilə nəfis şəkildə çap olunmuş kitabda əlyazma üzə­rində ədəbi redaktə prosesinin “mətnin ədəbi-tənqidi təhlili”, “mətnin dəyər­lən­dirilməsi” və “əlyaz­manın əyər-əskiyinin düzəldilməsi” kimi mühüm üç mərhə­ləsi ətraflı təhlilə cəlb olunub.

"Ədəbi redaktorluq sənətinin bədii ədəbiyyatın yaranması, təşəkkülü və əbədiyaşarlıq qazanmasında müstəsna xidmətləri vardır" - deyə bildirən N.Mürsəlov dərin elmi-tədqiqat işinin nəticəsi kimi dərs vəsaitinin çapını yüksək qiymət­lən­­dirib, nəşrin tələbələrin stolüstü tədris ədəbiyyatı olacağına əminliyini ifadə edib. 

Tədbirdə professor Nəsir Əhmədli, filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyev, filologiya üzrə fəlsəfə doktorları Rauf SadıxovGülbəniz Babayeva, kulturologiya üzrə fəlsəfə doktorları Fatimat Məmmədova, Sədaqət Əliyeva, Yeganə Əliyeva, yazıçı Kənan Hacı və başqaları kitabla bağlı fikirlərini bildiriblər.

Qeyd olunub ki, dərs vəsaiti redaktorluq sənətində təhsil alan gənclərin peşəkar mütə­xə­s­sis kimi yetişməsində, onların elm və mədəniyyətimizin inkişafında uğurlu fəaliy­yət göstərməsində əhəmiyyətli rol oynayacaqdır. Həmçinin tələbələr üçün asan qəbul olunacaq vəsaitin həm metodiki, həm də dərslik nöqteyi-nəzərindən düzgün yazıldığı, bütün kriteriyalara cavab verdiyi vurğulanıb.

Sonda nəşrin müəllifi, professor Asif Rüstəmli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına, eyni zamanda, dərs vəsaitinin ərsəyə gəlməsində əməyi olanlara təşək­kürünü bildirib. O, tələbələrə və müəllimlərə kitabın imkanlarından istifadə etməyi tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.