www.science.az
04.06.2018 14:25

Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

14-15 noyabr 2018-ci il tarixlərində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XII əsrin böyük mütəfəkkiri Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr olunan “Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Qeyd edək ki, Ömər Xəyyam Nişapuri (1048-1131) yalnız Yaxın və Orta Şərqin deyil, dünya elmi və ədəbiyyatının zirvələrindən biri kimi tanınmaqdadır. O, dövrünün görkəmli astronomu və riyaziyyatçısı kimi bu elm sahələrində mühüm kəşf və ixtiralara imza atıb.

Ö.Xəyyam müsəlman Şərqinin dünyada ən çox tanınan, oxunan, nəşr və tərcümə edilən kassikləri sırasındadır. Onun ümumbəşəri mövzulardakı rübailəri xalqları yaxınlaşdıran, ortaq insani dəyərləri tərənnüm edən mühüm bir mənəviyyat körpüsü olaraq Xəyyamı dünya şairi məqamına yüksəldib.

Xəyyam Azərbaycanda həmişə sevilib, rübailəri müxtəlif nəsillərin şairləri tərəfindən dilimizə tərcümə olunub, yaradıcılığı haqqında tədqiqat əsərləri yazılıb. Mütəfəkkir haqqında dünyadakı ilk səhnə əsəri də 1935-ci ildə böyük Azərbaycan dramaturqu Hüseyn Cavid tərəfindən yaradılıb.

Konfransın bölmələri:

- Yaxın və Orta Şərq xalqları ədəbiyyatında rübai və Ömər Xəyyamın ədəbi irsi;

- Klassiklərin elmi tərcümeyi-halının tərtibi prinsipləri və Ömər Xəyyamın həyat yolu;

- Xəyyamşünaslıq elmi araşdırma istiqaməti kimi və Azərbaycanda Ömər Xəyyam yaradıcılığının öyrənilməsi tarixi;

- Şərq poetikasının nəzəri problemləri və  Ömər Xəyyam rübailərinin mövzu, ideya, bədii xüsusiyyətləri;

- Şərq xalqları ədəbi abidələrinin tərcüməsi problemləri və Ömər Xəyyam rübailərinin dünya dillərinə tərcümələri;

- Yaxın-Orta Şərq xalqları fəlsəfi fikir tarixinin aktual problemləri və Ömər Xəyyamın fəlsəfi risalələri;

- Ömər Xəyyam rübailərinin atribusiyası problemi orta əsrlərə aid ədəbi-tarixi mənbələrin tədqiqi və nəşri məsələləri kontekstində;

- Ensiklopedik zəka sahibi Ömər Xəyyamın elmi əsərləri və rübailərində elm;

- Ömər Xəyyam rübailəri minatürlərdə və orta əsrlər miniatür sənətinin inkişaf problemləri;

- Ömər Xəyyamın bədii surəti ədəbiyyatda və incəsənətdə.

Məruzə tezislərinin tərtib olunma qaydaları:

- Mətn Microsoft Word for Windows redaktorunda (Times New Roman (Az.latın) şriftilə - 12ppt, sətrlərarası interval – 1,5) yığılir, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunmalıdır;

- Tezisin mətni ingilis dilində xülasə olmaqla 2 səhifəyə qədər olmalıdır;

- Mətnin əvvəlində böyük şriftlə məruzənin adı, altında və sağ tərəfdə müəllifin soyadı, adı və atasının adı, ondan  altda isə iş yeri və elektron ünvanı (hamısı kiçik şriftlə) göstərilməlidir.

Məruzə tezislərinin qəbul olunması üçün son tarix: 15 sentyabr 2018-ci il

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Təşkilat komitəsi ilə əlaqə:

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Tel.: (994 12) 492 31 79

E-mail:  kheyyam970@mail.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.