Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.06.2018 14:46
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Dendrologiya İnstitutunda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Hindistanın Bakıdakı səfirliyi və AMEA Dendrologiya İnstitutunun birgə təşəbbüsü ilə 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.

Dendrologiya İnstitutunun ərazisində təşkil olunan aksiyada bu müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Ranan, səfirliyin əməkdaşları, Bakıdakı hind icması və Azərbaycan Dillər Universitetinin tələbələri iştirak ediblər.

Aksiya zamanı səfirliyin əməkdaşları və institutun fəal gəncləri finik və xamerops palması, müxtəlifyarpaq pittosporum, adi oleandr, həmişəyaşıl başınağacı, adi nandina, alcaqboy ardıc kimi müxtəlif ağac-kol bitkiləri əkib, onlara aqrotexniki qaydada qulluq göstəriblər.

Qeyd edək ki, ağacəkmə və yaşıllaşdırma aksiyası ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Bu layihə ekoloji tarazlığın bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir.

Dendrologiya İnstitutunda bu cür aksiyaların davamlı keçirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: