Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Palçıq vulkanizminə həsr olunan həyat
11.06.2018 11:48
  • A-
  • A
  • A+

Palçıq vulkanizminə həsr olunan həyat

Azərbaycanın görkəmli geoloq-alimi, ictimai xadimi, SSRİ-nin Fəxri neftçisi, iki dəfə SSRİ Dövlət Mükafatı laureatı olmuş akademik Əhəd Ələkbər oğlu Yaqubovun anadan olmasının 110 illiyi ölkəmizdə qeyd olunur.

Ə.Yaqubov 1908-ci il may ayının 1-də Bakıda anadan olub. O, 19 yaşında Sənaye Texnikumunda oxuyarkən Bibiheybət neft yatağında işləməyə başlayıb. 1932-ci ildə hələ Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) tələbə olan zaman özünün vaxtaşırı püskürmələri ilə tanınan və palçıq vulkanının ətəyində yerləşən Lökbatan sahəsində kəşfiyyat işləri aparıb.

Alim 1933-cü ildə “Lökbatan neft yatağının geoloji quruluşuna dair” məqaləsini dərc etdirib. Məqalədə bu sahənin geoloji quruluşunun və neftlilik perspektivliyinin düzgün müəyyən edilməsində eyni adlı palçıq vulkanının öyrənilməsinin əhəmiyyəti əsaslandırılıb.

İnstitutu bitirdikdən sonra Əhəd Yaqubov SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında Geoloji sektorun əməkdaşı və elmi katibi vəzifəsinə göndərilib. Eyni vaxtda o, Azərbaycan Sənaye İnstitutunun Neft geologiyası kafedrasının assistenti, daha sonra isə aspirantı olub.

Ə.Yaqubov tədqiqat obyekti kimi o vaxta kimi demək olar ki, öyrənilməyən geoloji hadisəni – Abşeron yarımadasının palçıq vulkanlarını seçib. Apardığı tədqiqat işlərinin ilkin nəticələrini 1937-ci ildə Moskvada keçirilən Beynəlxalq Geoloji Konqresin XVII sessiyasında böyük marağa səbəb olan “Abşeron yarımadasının palçıq vulkanları və onların neft-qazlılıqla əlaqəsi” məruzəsində qeyd edib. Həmin ildə SSRİ EA Azərbaycan filialının Rəyasət Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

1940-cı ildə SSRİ EA-nın prezidenti, akademik V.Komarov SSRİ EA Azərbaycan filialının, o cümlədən Ə.Yaqubovun filiala rəhbərlik fəaliyyətini qiymətləndirərkən yazıb: “SSRİ EA-nın vitse-prezidenti, Azərbaycan filialının Rəyasət Heyətinin sədri, akademik İ.M.Qubkinin vəfatından sonra Ə.Yaqubov faktiki olaraq filial sədrinin işini uğurla yerinə yetirir və öhdəsindən layiqincə gəlir. Azərbaycan filialı elm və təşkilatçılıq cəhətcə SSRİ EA-nın ən yaxşı filiallarından biridir”.

Ə.Yaqubov 1941-ci ildə nəşr olunan “Abşeron yarımadasının qərb hissəsinin palçıq vulkanları və onların neft-qazlılıqla əlaqəsi” kitabını namizədlik dissertasiyası işi kimi Moskvada SSRİ EA-nın Yanar Qazıntılar İnstitutunun elmi şurasına təqdim edib. Müdafiədən sonra akademik  N.Zelinskinin sədrlik etdiyi elmi şura bu əsərə görə yekdilliklə ona geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul edib. Onun “Abşeron yarımadasının qərb hissəsinin palçıq vulkanları və onların neft-qazlılıqla əlaqəsi” əsəri yüksək qiymətləndirilib və Ə.Yaqubov 1942-ci ildə birinci dərəcəli SSRİ Dövlət Mükafatına layiq görülüb.

Qeyd etmək lazımdır ki, Əhəd Yaqubov azərbaycanlı geoloqlar arasında ilk elmlər doktoru elmi dərəcəsini daşıyan alimlərdəndir. Onun irəli sürdüyü müddəa – palçıq vulkanlarının yerləşdiyi strukturlarda neft və qazın paylanmasının, palçıq vulkanları ilə mürəkkəbləşən strukturlarda olduğu kimi eyni qanunauyğunluğa tabe olması - böyük əhəmiyyət kəsb edirdi.

Ə.Yaqubovun tədqiqat işi Azərbaycanın hüdudlarından kənarda da yüksək qiymətləndirilib. 1942-ci ilin iyulunda Londonda buraxılan “Təbiət” jurnalında onun məhsuldar elmi fəaliyyətinə həsr olunan “Doktor Ə.Ə.Yaqubov” adlı məqalə dərc edilib.

Müharibə illərində SSRİ Elmlər Akademiyası alimlərinin cəbhəyə kömək etmək çağırışına cavab olaraq, Ə.Yaqubov aldığı 200 min rubl məbləğində Dövlət Mükafatını “Qabaqcıl elm uğrunda” tank kolonnasının yaradılması üçün açılan bank hesabına köçürüb.

1943-cü ildə Ə.Yaqubov professor elmi adını alıb. O, 20 ildən çox müddətdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Neft yataqlarının geologiyası və Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedralarına rəhbərlik edib.

Alimin palçıq vulkanizmi haqqında mühazirələri tələbələri elmə cəlb edib, onların gələcək işlərini geologiya elminin bu istiqamətinə yönəldib. O, yeni yetişən gənc geoloqların bu mövzuda hazırladıqları məruzələrə diqqət və həssaslıqla yanaşıb, onlara gələcək elmi işlərində mənəvi dayaq göstərib. Son dərəcə həmsöhbət insan, qayğıkeş müəllim və bacarıqlı təşkilatçı olan Ə.Yaqubov öz ideyalarını inadla həyata keçirib.

O, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın neft sənayesi üzrə katibi vəzifəsində çalışıb, neftçilərin Azərbaycan Elmi-Texniki Cəmiyyətinin Rəyasət Heyətinin üzvü seçilib.

1941-ci ilin dekabr ayından 1942-ci ilin fevral ayınadək Ə.Ya­qu­bov N.Şvernikin başçılıq etdiyi Sovet Həmkarlar İttifaqları nümayən­də heyətinin tərkibində İngiltərədə ezamiyyətdə olub. İngiltərənin baş na­ziri Uinston Çörçillə görüşdüyü vaxt Hitler Almaniyasına qarşı mübarizədə müt­təfiqlərin qarşılıqlı fəaliyyətinin vacib məqamları müzakirə olunub. 1964-cü ildə SSRİ-nin Böyük Britaniyadakı səfiri, akademik İ.Mayskinin “Yeni dünya” jurnalında dərc olunan “İkinci cəbhə üçün mübarizə” məqaləsində qeyd edilir ki, 1941-ci ilin dekabr ayının 24-də nümayəndə heyəti ölkənin bir çox şəhərlərində ingilis fəhlələri, Britaniya konqresinin trend-yuniyonları ilə görüşlər keçirib. U.Çörçil 9 nəfərdən ibarət nümayəndə heyətində azərbaycanlı alimin olduğunu öyrənən vaxt “Əgər neft – kraliçadırsa, onda Bakı – onun səltənətidir” ifadəsini işlədib.

1943-cü ildə Ə.Yaqubovun “Azərbaycanda neft geologiyasının inkişafının yekunları və əsas vəzifələri” kitabı çap olunub. Bu kitabda Azərbaycanın neft geologiyası qarşısında duran mühüm məsələlər şərh olunub, quruda və dənizdə yeni strukturların axtarışına ehtiyac olması, Bakı arxi­pelaqındakı palçıq vulkanı adalarının mənimsənilməsinin perspektivli olduğu əsaslandırılıb. Alimin verdiyi proqnoz sonralar Xəzərdə aparılmış axtarış-kəşfiyyat işləri ilə təsdiqlənib. Tədqiqatlar nəticəsində Neft Daşları, Səngəçal, Duvannı (Zənbil) adası, Bulla (Xərə-Zirə) adası kimi zəngin neft yataqları aşkar edilib.

1944-cü ilin may ayından 1946-cı ilin avqust ayına kimi Ə.Yaqubov SSRİ-nin İrandakı səfirliyinin məsləhətçisi – işlər vəkili işləyib. İrandan qayıtdıqdan sonra o, Azərbaycan KP MK katibinin müavini və MK-nın neft sənayesi üzrə şöbə müdiri təyin olunub.

Bu məsul vəzifədə Ə.Yaqubov yeni neft sahələrinin mənimsənilməsinə yönəlmiş təşkilati işlər aparmağa başlayıb, neft və qaz yataqlarının geoloji axtarışı və kəşfiyyatı məsələlərinin elmi cəhət­dən əsaslandırılmış şəkildə aparılmasına xüsusi diqqət yetirib. Bu çoxşaxəli elmi və istehsal fəaliyyətinin nəticəsi kimi alim 1947-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü və Elmlər Akademiyasının akademik-katibi seçilib. Bu vəzifədə o, 1949-cu ilin sentyabr ayına qədər çalışıb.

1947-ci ildə Ə.Yaqubov SSRİ Elmlər Akademiyasının Məhsuldar Qüvvələri Öyrənən Şuranın neft ekspedisiyasının rəis müavini və bu ekspedisiyanın palçıq vulkanizmi dəstəsinin elmi rəhbəri vəzifəsinə təyin olunub. Burada o, L.V.Pustovalov, Y.Y.Dmitriyev və Azərbaycan SSR Elmlər Akademiyasının elmi işçiləri ilə birgə istehsalatçılarla sıx əlaqədə toplayıb təhlil etdiyi zəngin material əsasında neft ekspedisiyasının 44 cildlik əsərini ərsəyə gətirib. “Azneft” İstehsalat Birliyinin bütün sonrakı geoloji xidməti bu fundamental əsərdə öz əksini tapmış faktiki məlumatlara əsaslanıb.

1948-ci ildə alim “Azərbaycanın palçıq vulkanları və onların neft yataqları ilə əlaqəsi” monoqrafiyasını nəşr etdirib. Bu əsər haqqında akademik N.S.Şatski belə yazıb: “Ancaq böyük enerjiyə və dərin erudisiyaya malik olan insan, nəhayət palçıq vulkanlarının sirləri üzərindəki pərdəni aça bilib. Bu kitab, şübhəsiz, Azərbaycanın klassik vulkanlarının gələcək hər hansı tədqiqatçısı üçün əsas olacaqdır”.

1949-cu ilin sonunda Xəzər dənizindəki neft yataqlarında axtarış-kəşfiyyat işlərinin genişlənməsi və həmin yataqların işlənilməsi ilə əlaqədar Əhəd Yaqubov yeni təşkil edilmiş “Azərdənizneft” İstehsalat Birliyinin, sonra isə “Azərneftkəşfiyyat” İstehsalat Birliyinin rəisi təyin olunub. O, dəniz neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə ikinci dəfə SSRİ Dövlət Mükafatına layiq görülüb.

Ə.Yaqubov üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının nəzdində Problem laboratoriyası və sahəvi laboratoriya formalaşdıran alim 1966-cı ilə kimi hər iki laboratoriyaya rəhbərlik edib.

Onun rəhbərliyi altında Azərbaycanda uzun müddət neft-mədən idarələri ilə birgə həm yeni istifadəyə verilən, həm də istifadədə olan horizontların və yataqların ehtiyatlarının təkrar hesablanması üzrə respublikanın neft sənayesi üçün elmi və praktiki əhəmiyyət kəsb edən tədqiqat işləri aparılıb.

Alim 1966-cı ildə Azərbaycan EA-nın akad. İ.M.Qubkin adına Geologiya İnstitutunda keçmiş SSRİ-də ilk palçıq vulkanizmi laboratoriyasını təşkil edib. O, 1971-ci ildə Almaniyada “Azərbaycanın palçıq vulkanları atlasını” (Ə.Ə.Əlizadə və M.M.Zeynalovla birlikdə) nəşr etdirib. Atlas SSRİ-nin tanınmış alim və istehsalatçıları tərəfindən palçıq vulkanizmi üzrə ensiklopedik vəsait kimi qiymətləndirilib.

1972-ci ildə akademikin rəhbərliyi altında tərkibində iki laboratoriya və daimi fəaliyyət göstərən ekspedisiyası olan Palçıq Vulkanı Sektoru yaradılıb və bu sektor Geologiya İnstitutunun palçıq vulkanizmi problemi üzrə əsas elm mərkəzi kimi tanınıb.

1974-cü ildə tərtib edilən “Azərbaycanın palçıq vulkanları” xəritə-maketə görə, Ə.Yaqubov SSRİ Ümumittifaq Xalq Təsərrüfatı Sərgisinin gümüş medalına, Geologiya İnstitutu isə birinci dərəcəli diploma layiq görülüb.

1978-ci ildə 1:500000 miqyasında Azərbaycanın neftli-qazlı vilayətlərinin palçıq vulkanları xəritəsi Leninqradda (indiki Sankt-Peterburq) nəşr olunub. 

Bu illər palçıq vulkanlarının öyrənilməsinin demək olar ki, yeni elmi istiqamətinin, xüsusən onların püskürmə məhsullarının geokimyəvi tədqiqatlarının başlanğıcı idi. Sektorun geokimyəvi laboratoriyasında qazların, suların tədqiqi, vulkan tullantısını təşkil edən çökmə mənşəli süxurlarda üzvi maddələrin və palçıq vulkanı brekçiyasının mikroelement tərkibləri, onların radioaktivliyi üzrə məqsədyönlü tədqiqatlar aparılıb. 80-ci illərdə palçıq vulkanlarının rejim tədqiqatları həyata keçirilib, qazların civəliliyi öyrənilib. İlk dəfə olaraq respublikanın tibb müəssisələrində tətbiqi məqsədlə vulkan palçığının geokimyəvi xüsusiyyətlərinin tədqiqinə başlanılıb, palçıq vulkanları ilə mürəkkəbləşən neft-qaz yataqlarının qrafik modelləşdirilməsi işləri yerinə yetirilib.

Ə.Yaqubov kadrların hazırlanmasına da böyük diqqət yetirib. O, 40-dan çox namizədlik elmi dərəcəsini alan dissertantın elmi rəhbəri, 10-a yaxın doktorluq dissertasiyasının məsləhətçisi olub. Alimin tələbələri sırasında Əfqanıstan, Hindistan və başqa ölkələrdən olan mütəxəssislər də var.

O, 200-dən artıq elmi əsərin, o cümlədən 20 kitab və dərs vəsaitinin müəllifi olub. Alimin bir qrup müəlliflərlə birgə yazdığı “SSRİ-nin neftli-qazlı əyalətləri və vilayətləri” dərsliyi “İ.M.Qubkin mükafatı”na layiq görülüb.

Ə.Yaqubovun neft-qaz sahəsindəki xidmətləri SSRİ rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, 2 dəfə “Lenin ordeni”, “Şərəf nişanı” və “Oktyabr inqilabı” ordenləri, 1941-1945-ci illər Böyük Vətən müharibəsində “Qafqazın müdafiəsinə görə”, “Rəşadətli əməyə görə” medalları ilə təltif edilib, həmçinin SSRİ-nin “Fəxri neftçisi” adına layiq görülüb.

Akademik Əhəd Yaqubov 24 fevral 1979-cu ildə Bakıda vəfat edib. O, Fəxri Xiyabanda dəfn olunub.

Bütün həyatını palçıq vulkanlarının öyrənilməsinə həsr etmiş alimin arzusunu onun vəfatından sonra tələbələri (professor A.Əliyev, R.Rəhmanov, A.Kabulova və digələri) həyata keçiriblər.

Belə ki, keçən əsrin 80-cı illərindən başlayaraq dəniz vulkanlarının öyrənilməsinə xüsusi önəm verilib. Sönmüş sualtı palçıq vulkanlarının müəyyən edilməsi üsulu Xəzərin kəşfiyyat sahələrində praktiki işlərdə tətbiq olunub. Dəniz palçıq vulkanlarının yayıldığı sahələrdə qazhidratlar aşkar edilib. Palçıq vulkanizminin sahə üzrə yayılma qanunauyğunluqları müəyyən edilərək, iki morfogenetik tip – palçıq vulkanları və palçıq vulkanı təzahürləri ayrılıb. Yerüstü və gömülmüş palçıq vulkanlarını aşkar etmək üçün aero-kosmo-foto şəkillərin deşifrələmə metodları işlənilib, zəlzələlər və palçıq vulkanı püskürmələri arasında paragenetik əlaqə müəyyən edilib, sülb püskürmə məhsullarında yanar şistlər aşkarlanıb.

Bu illərdə palçıq vulkanlarının mövcud olduğu ərazilərdə dərində yatan neft və qaz yataqlarının axtarışının geokimyəvi üsulları da işlənilib. Palçıq vulkanlarının 1810-2018-ci illərdə Azərbaycanda qeydə alınmış püskürmələrinin kataloqu tərtib edilib. Geologiya və Geofizika İnstitutunun alimləri ilk dəfə olaraq “Dünya palçıq vulkanları atlası”nı Azərbaycan, ingilis və rus dillərində hazırlayaraq İtaliyada nəşr etdiriblər.

Müstəqil Azərbaycanın elm sahəsi üzrə ilk Dövlət Mükafatı Geologiya və Geofizika İnstitutunun bir qrup mütəxəssisinə “Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı” elmi nəşrlər silsiləsinə görə verilib.

Ə.Yaqubov sevdiyi sahəyə – palçıq vulkanizminə göstərilən hər bir yanaşmaya olduqca həssas idi. O, daim öz təcrübəsini başqaları ilə bölüşür, söhbətlərində müsahibinə çoxlu yeni və maraqlı məlumatlar verirdi. 

Alim gərgin elmi, pedaqoji və ictimai fəaliyyətinə baxmayaraq onunla məsləhət etmək istəyən hər kəsə vaxt ayırırdı. Ona keçmiş tələbələri də daima müraciət edirdilər. Ə.Yaqubov həm də bacarıqlı təşkilatçı idi. O, ətrafında böyük kollektivi birləşdirirdi. 

İnsanlara müdrikliklə, xeyirxahlıqla yanaşan alim məhsuldar elmi fəaliyyət üçün əməkdaşlara bütün lazımi şəraiti yaradırdı. O, sözün əsl mənasında palçıq vulkanları üçün “darıxırdı”. Yaşlı vaxtında belə Palçıq vulkanizmi sektorunun əməkdaşları ilə birlikdə püskürmə paroksizmi nəticələrini görmək üçün vulkanlara gedirdi.

Akademik Əhəd Yaqubovun elmi və təşkilati fəaliyyəti – öz məqsədinə durmadan çatmaq, onu çox bacarıqla yerinə yetirmək nümunəsi Azərbaycan geoloq alimlərinin gənc nəsli üçün ibrətamiz həyat örnəyidir.

Adil Əliyev, geologiya-mineralogiya elmləri doktoru, professor, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: