Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Gənc fiziklər 233 nömrəli məktəbdə yaradılan “Kiçik akademiya”nın qonağı olublar
06.06.2018 09:11
  • A-
  • A
  • A+

Gənc fiziklər 233 nömrəli məktəbdə yaradılan “Kiçik akademiya”nın qonağı olublar

Bakının Qaradağ rayonundakı Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbdə “Kiçik akademiya” yaradılıb. Bununla əlaqədar məktəbdə AMEA Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə görüş keçirilib.

Görüşün təşkilində məqsəd məktəbdə yeni yaradılan “Kiçik akademiya”nın strukturu ilə tanışlıq və məktəblilərə elmi-əyləncəli fiziki təcrübələr nümayiş etdirmək olub.

Tədbirdə çıxış edən məktəbin direktoru Gülər Bəbirova “Kiçik akademiya”nın fəaliyyəti haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, “Kiçik akademiya”nın prezidenti məktəbin fizika müəllimi Günay Məmmədovadır.

Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov qeyd edib ki, elm və təhsilə dövlət səviyyəsində diqqət və qayğı günbəgün artmaqdadır. Bu da ayrı-ayrı vaxtlarda qəbul olunan dövlət proqramlarında öz əksini tapır. Təhsil Nazirliyi bir sıra aidiyyəti qurumlarla, o cümlədən AMEA ilə birgə bir çox layihələr həyata keçirir. Bu uğurlu layihələrdən biri də orta təhsil müəssislərində “Kiçik akademiya”ların yaradılmasıdır. Bu cür akademiyaların yaradılmasında məqsəd ümumtəhsil məktəblərində istedadlı gənclərin bilik və bacarıqlarını vaxtında aşkarlamaq, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq və onlara dəstək olmaqdır.

Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova tədbirin təşkilinə görə məktəbin müəllimlərinə minnətdarlığını bildirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonda gənc fiziklər elmi-əyləncəli şou nümayiş etdiriblər. Məktəblilər tərəfindən isə elmi təcrübələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: