Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.06.2018 12:33
  • A-
  • A
  • A+

“Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilib

“Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilib

İyunun 5-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının birgə əməkdaşlığı ilə “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, elm və təhsil ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Konfransı giriş nitqi ilə açan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT-in baş direktoru Frensis Qarrinin Bakıya səfərini yüksək dəyərləndirib, bu qurumla əməkdaşlığın uğurlu nəticələrindən söz açıb. Bildirib ki, hazırda ölkəmizdə Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi və ÜƏMT-in birgə hazırladığı “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli layihə” həyata keçirilir. Bu layihə ölkəmizdə elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması, tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi, yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması məqsədlərinə xidmət edir. Bununla bağlı 2017-ci ildə Birgə Bəyannamə imzalanıb. 

Kamran İmanov qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti və dəstəyi nəticəsində Azərbaycan əqli mülkiyyət sahəsində fəal beynəlxalq əməkdaşlıq aparır, müəlliflik və oxşar hüquqlar sahəsində 6, sənaye mülkiyyətinə aid 11 beynəlxalq çoxtərəfli konvensiya və sazişlərdə iştirak edir. Hazırda ÜƏMT-in müəlliflik hüququna aid iki yeni müqaviləsinə – Mərakeş və Pekin müqavilələrinə qoşulma prosesi gedir, həmçinin sənaye mülkiyyəti ilə bağlı üç sazişə qoşulmaq planlaşdırılır.

Vurğulanıb ki, Azərbaycan ÜƏMT-in rəhbər orqanlarında, o cümlədən Koordinasiya Komitəsində, Proqram və Büdcə Komitəsində təmsil olunur. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycanın əqli mülkiyyətə aid zəngin milli qanunvericilik bazası formalaşıb. Buraya bilavasitə əqli mülkiyyəti qoruyan səkkiz qanun və məcəllənin müvafiq müddəaları, əqli mülkiyyət hüquqlarını dolayısı ilə qoruyan iki qanun və əqli mülkiyyət hüquqlarının qorunmasına istinad olunan 12 qanun daxildir.

K.İmanov bildirib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilib və sənədə bu sahənin inkişafı ilə bağlı səkkiz tədbir daxil edilib. Ölkə Prezidentinin 2018-ci il 20 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Tədbirdə çıxış edən F.Qarri Bakıya səfərinin əhəmiyyətindən, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə faydalı və səmərəli əməkdaşlıqdan danışıb, iki qurum arasında əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb.

Daha sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edib. Alim bildirib ki, ölkədə elm siyasətini, o cümlədən uzunmüddətli elmi tədqiqat işlərini AMEA həyata keçirir, rəqabətə davamlı innovasiya iqtisadiyyatının formalaşmasında bu təşkilatın rolu böyükdür.

“Dünya təcrübəsində elm-biznes əməkdaşlığının xüsusi əhəmiyyət verildiyi məqamlardan biri də elmi-tədqiqat institutlarının tərkibində texnoparkların yaradılmasıdır” - deyən akademik A.Əlizadə dövlətimizin başçısının 2016-cı il 8 noyabr tarixli müvafiq Sərəncamı ilə yaradılan “AMEA Yüksək Texnologiyalar Parkı”nın bu istiqamətdə atılan vacib addımlardan biri olduğunu vurğulayıb. Bildirib ki, elm-biznes əməkdaşlığının formalaşdırılması istiqamətində real işlər görən AMEA və onun nəzdində yaradılan Yüksək Texnologiyalar Parkı qısa müddətdə bir sıra layihələri uğurla həyata keçirib.

Təhsil naziri Ceyhun Bayramov isə çıxışında uğurlu inkişafın təməlində bilikyönümlü cəmiyyətin və rəqabətqabiliyyətli mühitin texnoloji innovasiyalarla tamamlanmasının dayandığını bildirib. Qeyd edib ki, yaşadığımız bilik və innovasiya iqtisadiyyatı dövründə davamlı və hərtərəfli inkişafın təmin edilməsində elm və təhsilin rolu əhəmiyyətli dərəcədə artmaqdadır. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasıdır.

Avrasiya Patent Təşkilatının prezidenti xanım Saule Tlevlessova diqqətə çatdırıb ki, Azərbaycan bu qurumun səkkiz üzvündən biridir. Ötən il təşkilata müvafiq sahə üzrə 37 ərizə daxil olub. Bu qurumun iyirmi illik fəaliyyəti dövründə ümumilikdə 320 ərizə verilib, 240 ixtira qeydə alınıb. Azərbaycandan hazırda 7300 patent dəstəklənir. Ölkədən daxil olan ərizələrin 80 faizi elmi müəssisələrin, akademiyaların və institutların payına düşür.

Sonra tədbir iştirakçıları universitetlər tərəfindən yaradılmış startaplar və onların nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Beynəlxalq konfrans çərçivəsində “Qeyri-maddi aktivlər və qlobal dəyər zəncirləri: İqtisadiyyat innovasiyanın faydalarından necə yararlana bilər?” mövzusunda regional seminar təşkil olunub.

Bir sıra ölkələrdən tanınmış ekspertlərin iştirak etdikləri seminarda “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qlobal dəyər zəncirlərində qeyri-maddi aktivlər” (ÜƏMT-in 2017 hesabatına giriş), “İnnovasiya və enerji” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Sonda "TAİEX" proqramı çərçivəsində respublikamızın müxtəlif təşkilatlarından olan ÜƏMT-in 2 illik təlim kurslarının məzunlarına bu qurumun “Müəllimlik“ sertifikatı təqdim olunub. AMEA-dan Polimer Materialları İnstitutunun Patent tədqiqatları və innovasiya şöbəsinin müdiri Gülnarə Qasımova, İdarəetmə Sistemləri İnsitutunun elmi işçisi Aygün Əliyeva, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Günel Əsgərova da bu sertifikata layiq görülənlər sırasındadırlar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: