Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.06.2018 13:52
  • A-
  • A
  • A+

“Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda tədbir keçirilib

“Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda tədbir keçirilib

İyunun 22-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda tədbir keçirilib.

AMEA, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan tədbirin əsas məqsədi EaPConnect layihəsi, onun imkanları və Azərbaycanda elm və təhsilin inteqrasiyasına töhfəsini təqdim etmək, eyni zamanda İnformasiya Texnologiyaları İnstitutu ilə AR Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında müqavilə imzalamaq idi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu toplantının Azərbaycanın elm və təhsili üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirib ki, dünyada gedən ümumi inkişaf tendensiyalarına uyğun olaraq, Azərbaycanda da biliklərə, yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması qarşıya məqsəd kimi qoyulub. Biliklər iqtisadiyyatın formalaşması isə, ilk növbədə, ölkədə müasir dövrün tələblərinə, çağırışlarına uyğun keyfiyyətli elm və təhsil sisteminin təşkilini inkişaf etdirilməsini və bu iki sahə arasında səmərəli əməkdaşlıq əlaqəsinin qurulmasını tələb edir.  Akademik A.Əlizadə ölkəmizin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu məsələlərin prioritetlər sırasında əksini tapdığını diqqətə çatdırıb.

"Şərq Tərəfdaşlığının əsas məqsədlərindən biri genişzolaqlı İnternet şəbəkəsinin yaradılması, müvafiq ölkələrin aidiyyatı qurumlarının Avropanın elm və təhsil şəbəkəsinə inteqrasiyası və həmin ölkələrdə fəaliyyət göstərən alim və mütəxəssislərin beynəlxalq elmi əməkdaşlığına dəstək verilməkdir" -deyə bildirən AMEA prezidenti rəhbərlik etdiyi qurumun da öz missiyasına uyğun olaraq bu prosesdə fəal iştirak etdiyini vurğulayıb. O, 2017-ci ilin noyabr ayının 24-də Prezident İlham Əliyevin də iştirak etdiyi Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatında qeyd edilən bəzi fikirləri diqqətə çatdırıb. Bildirib ki, Bəyanatda müvafiq ölkələrin elm, təhsil və innovasiya sistemlərinin inteqrasiyasının vacibliyi, bu prosesin müvafiq sahələrdə məhsuldarlığın və rəqabətin artmasına təsir göstərəcəyi,  GEANT şəbəkəsinə qoşulmaqla müvafiq ölkələrdə rəqəmsal bərabərsizliyin azalmasına nail olunacağı vurğulanır.

AMEA prezidenti AzScienceNet ilə Azərbaycan Təhsil Şəbəkəsi arasında işgüzar əməkdaşlıq əlaqələrindən söz açaraq, bu əməkdaşlıq çərçivəsində artıq ölkəmizin 13 ali məktəbinin AzScienceNet şəbəkəsinə qoşulduğunu, hazırda digər ali məktəblərdə bu istiqamətdə işlərin davam etdirildiyini bildirib.

Akademik A.Əlizadə çıxışında İnformasiya Texnologiyaları İnstitutu ilə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında imzalanacaq əməkdaşlıq haqqında müqaviləyə də toxunub. O, bu sazişin Azərbaycanının elektron elm və təhsil mühitlərinin inteqrasiyası, beynəlxalq təşkilatlarda ölkəmizin elm və təhsil qurumlarının İKT sahəsində maraqlarının birgə təmin edilməsi baxımından əhəmiyyətini qeyd edib. 

Sonra Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verib.

“Qloballaşma şəraitində İKT-nin inkişafı ölkələrin elmi və intellektual potensialının vacib göstəricilərindən birinə çevrilib”, – deyə bildirən nazir xüsusilə təhsil sahəsində informasiya texnologiyalarından səmərəli istifadənin zəruri olduğunu bildirib. O, ölkə Prezidentinin qəbul etdiyi dövlət proqramları çərçivəsində müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi vasitəsilə tədrisin keyifiyyətinin yüksəldilməsi, təhsil sisteminin informasiyalaşdırılması və İKT infrastrukturunun inkişafı sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirib ki, müvafiq dövlət proqramlarına əsasən, ümumtəhsil məktəblərinin 90%-i kompüter və digər İKT avadanlıqları ilə təchiz olunub, təhsil mühitinin yüksəksürətli İnternətlə təmin olunması məqsədilə Azərbaycan Təhsil Şəbəkəsi yaradılıb. Nazir qeyd edib ki, GEANT ilə əməkdaşlıq əlaqələri Azərbaycan təhsil müəssisələrində aparılan elmi tədqiqatların səmərəliyinin artırılmasına geniş imkanlar açacaq.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edərək, İKT sahəsində Avropa ölkələri ilə əməkdaşlıq əlaqələrindən və bu sahədəki perspektivlərdən danışıb.  

Müasir dövrdə dinamik inkişaf edən İKT-nin ölkəmizdə də prioritet istiqamətlərdən olduğunu, bu sahənin dövlət başçısı tərəfindən hər zaman diqqət mərkəzində saxlanıldığını vurğulayan nazir ölkənin İKT infrastrukturunun Avropa standartlarına uyğunlaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, bu əməkdaşlığın Azərbaycanda elm və təhsilin  inteqrasiyası yönündə yeni perspektivlərə yol açdığını vurğulayıb.  

Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev “Avropa Birliyi və Azərbaycan: əməkdaşlıq və perspektivlər” mövzusunda çıxış edib. “Elm və təhsilin sürətli inkişafına nail olmaq əsas hədəflərimizdəndir”, – deyə bildirən məruzəçi bu sahədə Avropa İttifaqının təcrübəsinin öyənilməsinin məqsədəuyğun olduğunu qeyd edib. Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

EaPConnect layihəsinin rəhbəri Maria Minarikova GEANT və EaPConnect layihəsinin fəaliyyəti haqqında fikirlərini bölüşüb. Məruzəçi GEANT-ın Avropa üzrə elm və tədqiqat şəbəkəsi olduğunu və bu təşkilatın 38 ölkəni əhatə etdiyini diqqətə çatdırıb. Bildirib ki, şəbəkənin Avropa üzrə 50 000-dən çox istifadəçisi vardır.

Sonra o, GEANT şəbəkəsinin əsas məqsədi, infrastrukturu, EapConnect layihəsi, eləcə də LOLA (LOw LAtency audio visual streaming system) audiovizual sistemi haqqında qısa videoçarx təqdim edib. M.Minarikova Estonaiyanın LOLA audiovizual sisteminin real zamanda məsafədən idarə olunan texnologiyaya əsaslandığını, sərhədsiz musiqini təqdim etdiyini deyib: “Əsas məqsəd bütün dünyada insanları bir araya gətirmək, dünyəvi dəyərləri paylaşmaqdır”. 

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “AzScienceNet  elm kompüter şəbəkəsi” mövzusunda məruzə ilə çıxış edib. O, 2014-cü ildən etibarən İnformasiya Texnologiyaları İnstitutunun Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında  (GEANT)  Azərbaycanı təmsil etdiyini bildirib. Qeyd edib ki, AzScienceNet şəbəkəsinin GEANT-ə inteqrasiyasının məqsədi  EaPConnect layihəsi çərçivəsində Avropa Birliyiningöstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmini və ölkənin ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlığının gücləndirilməsidir. Alim rəhbərlik etdiyi institutun 2015-2020-ci illər ərzində icra olunan “Eastern Partnership Connect (EaPConnect)” layihəsində Azərbaycanı təmsil etdiyini diqqətə çatdırıb.

Akademik R.Əliquliyev AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının 100% genişzolaqlı İnternetlə təmin edilməsi, AzScienceNet şəbəkəsi xidmətlərindən respublikanın ali təhsil müəssisələrinin və elmi qurumlarının geniş istifadəsi məqsədilə görüləcək işlər barədə də məlumat verib.

İnstitut direktoru, həmçinin AzScienceNet  şəbəkəsinin inkişaf mərhələləri, infrastrukturu, imkanları, təqdim etdiyi xidmətlərdən bəhs edib.

Sonda AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə AR Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: