Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.06.2018 12:44
  • A-
  • A
  • A+

AMEA-da görkəmli türkmən şairi Məhtimqulu Fəraqiyə həsr olunan beynəlxalq konfrans keçirilib

AMEA-da görkəmli türkmən şairi Məhtimqulu Fəraqiyə həsr olunan beynəlxalq konfrans keçirilib

İyunun 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan “Məhtimqulu – insan qəlbinin mənəvi təbibi” adlı beynəlxalq elmi konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə son zamanlar türkmən dilində nəşr edilmiş kitabların sərgisi ilə tanış olublar.

Konfransı giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin müasir inkişafının yüksək səviyyədə olduğunu deyib. Bildirib ki, eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik Azərbaycan və türkmən xalqlarını eyni dil və din birləşdirir.

Alim vurğulayıb ki, müasir dövrdə əlaqələrimizin təməli ümummilli lider Heydər Əliyev və Türkmənistanın sabiq Prezidenti Saparmurat Niyazov tərəfindən qoyulub. Bu əlaqələr hazırda Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən uğurla davam etdirilir. 

Türkmən ədəbiyyatının klassiki M.Fəraqinin zəngin yaradıcılığı barədə məlumat verən akademik İ.Həbibbəyli böyük mütəfəkkirin qiymətli irsinin öyrənilməsinin, tədqiqi və nəşrinin ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, M.Fəraqinin türkmən yazılı ədəbiyyatındakı xidmətlərindən danışaraq, böyük mütəfəkkiri Türkmənistanda milli istiqlal ədəbiyyatının banisi kimi xarakterizə edib. Bildirib ki, şair yaradıcılığında türkmən xalqının azadlıq və müstəqillik uğrundakı mübarizəsini əks etdirib və onun poeziyasında realizm əsas yer tutub.

Ədəbiyyat İnstitutu tərəfindən türkmən şairinin seçilmiş əsərlərindən ibarət “Divan”ının ilk dəfə doğma dilimizdə çap olunduğunu diqqətə çatdıran AMEA-nın vitse-prezidenti bu nəşrin yüksək səviyyədə inkişaf edən Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinə yeni töhfə olduğunu qeyd edib. Vurğulayıb ki, görkəmli türkmən şairi M.Fəraqinin xatirəsi ölkəmizdə əziz tutulur və onunla bağlı silsilə tədbirlər keçirilir.

Akademik İ.Həbibbəyli yaxın günlərdə Bakıda türkdilli ölkələrin elmlər akademiyalarının nümayəndələrinin iştirakı ilə beynəlxalq forumun keçiriləcəyini də diqqətə çatdırıb.

Sonra Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşankuliyev çıxış edərək xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb, tədbirin iki ölkə arasındakı ədəbi əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd edib ki, “Fəraqi” təxəllüsü ilə şeirlər yazan Məhtimqulunun yaradıcılığı türkmən ədəbiyyatının mühüm bir dövrünü əhatə edir. Səfir Azərbaycanda M.Fəraqi yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın əsas missiyasının türkdilli xalqların tarixinin, zəngin mədəni irsinin öyrənilməsi və dünyaya nümayiş etdirilməsi olduğunu bildirib. O, çıxışında əsrlərə dayanan zəngin tariximizin, dinimizin, dilimizin, adət-ənənələrimizin və mənəvi dəyərlərimizin olduğunu söyləyib. Bildirib ki, türkdilli ölkələrin xalqları eyni kökdən su içən ağacın budaqlarıdır.

Böyük türkmən şairi M.Fəraqiyə həsr olunan beynəlxalq konfransın əhəmiyyətinə toxunan G.Əfəndiyeva onun zəngin irsinin türkmən ictimai fikrinə və milli şüuruna yeni üfüqlər açdığını qeyd edib.

Daha sonra çıxış edən Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Myakzyum Salaxov , Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Türkmənistan Elmlər Akademiyasının (TEA) Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri namizədi Davut Orazsəhedov, TEA-nın M.Fəraqi adına Dil və ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Həzrətqulu Durdiyev ortaq köklərə və zəngin ənənələrə malik olan qardaş türkmən xalqının qüdrətli şairi M.Fəraqini türk-müsəlman dünyasının və ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar kimi səciyyələndiriblər. M.Fəraqinin yaradıcılığında vətənpərvərlik, türkmən qəbilələrini birliyə çağırış motivlərinin daha güclü olduğu, onun dünyada xalqların mənəvi-siyasi birliyinin böyük müdafiəçisi və carçısı kimi qəbul olunduğu diqqətə çatdırılıb.

Tədbirdə “Məhtimqulu Fəraqi şeirlərinin bəzi dil xüsusiyyətləri”, “Məhtimqulu Fəraqi Azərbaycan alimlərinin tədqiqatlarında”, “Ana-həyatın davamı”, “Anaya səcdə - müqəddəslər qarşısında baş əyməkdir” mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Konfrans çərçivəsində, həmçinin "Anaya səcdə - müqəddəslər qarşısında baş əyməkdir”, “Görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında” və “Böyük türkmən şairi M.Fəraqi ədəbi irsinin Azərbaycanda nəşri və tədqiqi” kitablarının təqdimatı olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: