Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun əməkdaşları Neftçala və Salyanda dron çəkilişlərini sınaqdan keçiriblər
27.06.2018 09:34
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşları Neftçala və Salyanda dron çəkilişlərini sınaqdan keçiriblər

İyunun 23-24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı bu elmi müəssisənin direktoru, akademik Ramiz Məmmədovun rəhbərliyi ilə Neftçala və Salyan rayonlarında ekspedisiyada olub.

Alimlər ekspedisiya zamanı dron çəkilişlərini sınaqdan keçiriblər. Bunun üçün onlar AMEA-nın Yüksək Texnologiyalar Parkından verilən pilotsuz uçan aparatdan istifadə ediblər. Əsas məqsəd dron vasitəsilə Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində, habelə Xəzərin sahil zonasında tədqiqat aparmaq, mövcud vəziyyətin məsafədən zondlama üsulu ilə fotoşəkillərini çəkmək, gələcəkdə kameral şəraitdə həmin şəkilləri əvvəlki fotoşəkillər və irimiqyaslı xəritələrlə müqayisə edib sahil zonasında və Kür deltasında baş vermiş dəyişikliklərin əsas tendensiyasını aşkarlamaq olub.

Dron uçuşları quruda, Kürün sahili ilə uzanan bəndin üzərində aparılıb. Həmin ərazidə ilkin landşaft tədqiqatları aparılaraq xeyli faktik material əldə olunub. Müəyyən edilib ki, son bir neçə il ərzində Kürün sahillərində, çayın mənsəbindəki deltada, çay vasitəsilə ərazidən ayrılmış adalarda xeyli dəyişikliklər baş verib. Lakin çayın yaratdığı adalarda təbii landşaft antropogen dəyişikliklərə daha az məruz qalıb.

Mütəxəssislər, eyni zamanda, Bankə qəsəbəsindən Kürün Xəzərə töküldüyü yerə qədər 20 kilometrlik məsafəni qayıqla keçərək, orada da drondan istifadə etməklə təqribən 500-ə qədər şəkil çəkiblər. Kürün yatağında baş vermiş dəyişikliklər də alimlərin diqqətini cəlb edib. Onlar bu nəticəyə gəliblər ki, gələcəkdə çay daşqınlarının zəiflədilməsi üçün Kürün mənsəbində çay yatağının təmizlənməsi (dərinləşdirilməsi) işi davam etdirilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: