Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Qədim Şəki növbəti dəfə beynəlxalq musiqi festivalına ev sahibliyi edir
28.06.2018 09:44
  • A-
  • A
  • A+

Qədim Şəki növbəti dəfə beynəlxalq musiqi festivalına ev sahibliyi edir

İyunun 27-də Şəkidə “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı işə başlayıb.

Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan festivalda Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qrupları, istedadlı ifaçılar, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak ediblər.

Tədbirin təntənəli açılış mərasimində festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq doqquzuncu dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də unudulmaz anlarla yadda qalacağını bildirib.

Firəngiz Əlizadə bildirib ki, builki festivalın proqramı olduqca rəngarəngdir. Festival çərçivəsində təşkil ediləcək UNESCO-nun Ənənəvi musiqi üzrə Beynəlxalq Şurasının elmi simpoziumunda dünyanın 10 ölkəsindən alimlər və ekspertlər iştirak edəcəklər. Burada Şəki şəhərinin tarixi və mədəniyyəti, dünya xalqlarının folklor musiqisinin qorunub saxlanması və təbliği məsələləri müzakirə olunacaq.

Sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin “festivallar şəhəri” kimi tanındığını vurğulayıb. Qeyd edib ki, hər ilin yayında keçirilən və artıq ənənəyə çevrilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı Şəkinin mədəni həyatında çox böyük hadisədir və musiqisevərlərin yaddaşında gözəl xatirə kimi qalır. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət konsert proqramları, istedadlı sənətçilərin çıxışları festival iştirakçılarına xoş bayram ovqatı bəxş edir. Festival xalqımızın zəngin mədəniyyətinin, Şəkinin turizm potensialının təbliği baxımından da mühüm əhəmiyyətə malikdir.

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konserti olub. 

Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan konsert proqramının sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilib.

Festival çərçivəsində iyunun 28-də günorta saatlarında Şəki xan sarayının həyətində Şəkinin “Zirvə” ansamblının konserti olacaq.

Festival iyulun 1-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: