www.science.az
02.07.2018 09:51

Özbəkistanda Nizami Gəncəvi adına Dil və ədəbiyyat mərkəzi yaradılacaq

Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şöhrət Siracəddinovun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub.

Qonaqları AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qarşılayaraq Azərbaycanla Özbəkistan arasındakı ikitərəfli siyasi münasibətlərdən söz açıb. Bildirib ki, bu gün dövlətlərimiz arasındakı yüksək münasibətlər iki ölkə arasında elmi əlaqələrin inkişafına zəmin yaradır.

İ.Həbibbəyli rəhbərlik etdiyi müəssisədə Azərbaycan-Özbəkistan ədəbi əlaqələri ilə bağlı görülən işlərdən də danışıb, bu istiqamətdə tədqiqatların aparılması üçün Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr,  eləcə də Türk xalqları ədəbiyyatı şöbələrinin fəaliyyət göstərdiyini vurğulayıb.

Görüş zamanı Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin nəzdində Əlişir Nəvai adına Ədəbiyyat mərkəzinin, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində isə Nizami Gəncəvi adına Dil və ədəbiyyat mərkəzinin yaradılması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.