Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Tanınmış uroloq-alim Sudeif İmamverdiyevi 80 illik yubileyi münasibətilə təbrik edirik!
02.07.2018 11:27
  • A-
  • A
  • A+

Tanınmış uroloq-alim Sudeif İmamverdiyevi 80 illik yubileyi münasibətilə təbrik edirik!

İyulun 2-də tibb elminin görkəmli nümayəndəsi, istedadlı pedaqoq və tanınmış cərrah-uroloq, Əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevin 80 yaşı tamam olur. 

Südeif Bəşir oğlu İmamverdiyev 1938-ci ildə Astara şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinin məzunu olan S.İmamverdiyev bir müddət Bakı şəhərində Mirqasımov adına Respublika Xəstəxanasının Uroloji şöbəsində ordinator işləyib. Uğurlu elmi-praktiki fəaliyyəti ilə hər zaman diqqət mərkəzində olan alim 1965-ci ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya kafedrasında assistent vəzifəsinə təyin olunub.

O, 1968-ci ildə Bakıda uro-onkologiya sahəsində tibb üzrə fəlsəfə doktorluğu, 1974-cü ildə isə tibb üzrə elmlər doktorluğu dissertasiyalarını uğurla müdafiə edib. 1976-cı ilin oktyabr ayından S.İmamverdiyev Azərbaycan Tibb İnstitutunun Urologiya kafedrasında dosent, 1977-ci ildən professor vəzifələrində çalışıb. 1990-cı ildən bugünədək həmin kafedranın müdiri vəzifəsini icra edir.

Alim 1964-cü ildə ilk dəfə olaraq ölkəmizdə limfoqrafiya müayinəsini həyata keçirib, bu məqsədlə 2 mexaniki aparat təklif edib. 1968-ci ildən başlayaraq o, Azərbaycanda aortoqrafiyanı geniş tətbiq etməyə başlayıb və onun nəticəsi kimi 1970-ci ildən ölkəmizdə böyrək arteriyalarında rekonstruktiv əməliyyatlar, yəni böyrək-damar mənşəli  hipertoniyanın cərrahi müalicəsi vüsət alıb.

1977-ci ildən başlayaraq S.İmamverdiyev böyrəklərin mərcanvari və çoxlu daşları olan xəstələrin cərrahi müalicəsi sahəsində böyük uğurlar qazanıb. Tanınmış həkimin bu istiqamətdə təklif etdiyi üsullar, yanaşmalar müasir dövrdə də klinikada uğurla tətbiq olunmaqdadır.

Görkəmli uroloq 1984-cü ildən böyrək şişlərində üzv saxlayıcı əməliyyatları uğurla aparmağa başlayıb və 1997-ci  ildə ölkəmizdə ilk dəfə radikal prostatektomiyanı həyata keçirib. Ölkəmizdə uro-ginekologiyanın inkişafı sahəsində S.İmamverdiyevin böyük xidmətləri var. O, uro-genital fistulalarının cərrahi müalicəsində 100%-lik uğura nail olub.

56 ildir ki, uroloq-cərrah kimi xalqımızın sağlamlığı keşiyində dayanan S.İmamverdiyev yarım əsrdən artıqdır həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Görkəmli alim 13 ixtira və səmərələşdirici təklif, Azərbaycan, rus, ingilis, fransız, gürcü və ərəb dillərində 385 elmi əsər, o cümlədən 4 dərslik, 10 monoqrafiya, 5 metodik, 6 dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 20 namizədlik, 5 doktorluq dissertasiyası müdafiə olunub. Dünyanın 50-dən çox ölkəsində elmi konfrans və simpoziumlarda, eləcə də müxtəlif kurslarda iştirak edib. Hazırda alimin təklif etdiyi bir neçə cərrahi üsul və yeni yanaşmalar klinikada uğurla həyata keçirilir.

Professor S.İmamverdiyev 1984-1991-ci ildən Azərbaycan Herontoloqlar Cəmiyyətinin sədri, 1986-cı ildən Səhiyyə Nazirliyinin baş herontoloqu olub, 1989-cu ildən Ümumittifaq Herontoloqlar Cəmiyyətinin İdarə Heyyətinin Prezidiumunun üzvü, 1990-cı ildə Ümumittifaq Uroloqlar Cəmiyyəti idarə heyətin üzvü seçilib.

Alim 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2011-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, 2007-ci ildə Türkiyə Androloqlar, 2002-ci ildə Gürcüstan Uroloqlar Assosiyasiyalarının fəxri üzvü seçilib. Eləcə də ölkəmizdə və xaricdə bir neçə jurnalların redaksiya heyəti və şurasının üzvüdür. Onun rəhbərliyi ilə 2004-cü ildə Uroloqlar Assosiyasiyası yaranıb və bu gün də fəaliyyətini uğurla davam etdirir. Alimin dəstəyilə 2007-ci ildə ölkəmizdə Andrologiya və Reproduktiv Təbabət Assosiyasiyası təşkil olunub, S.İmamverdiyev onun fəxri sədri seçilib. O, 1993-cü ildən Avropa Uroloqlar Asssosiyasiyasının həqiqi üzvüdür.

S.İmamverdiyev 2006-cı ildə elm və maarifçilik sahəsində görkəmli xidmətlərinə görə akademik Yusif Məmmədəliyev adına medala layiq görülüb. Elmi pedaqoji fəaliyyətinə görə, alim 2013-cü ildə Avropa Elm və Sənaye Konsorsiumu (European Scientific and İndustrial consortium) tərəfindən Avropa keyfiyyəti qızıl medalı ilə (Gold medal of European quality), Əmək və Elm (Laboret Scienita) medalı, Vernadski medalı (2010) və Nobel Alfred Bernhard medalı ilə (2011) təltif olunub.

Ölkə Prezidentinin Sərəncamı ilə S.İmamverdiyev 2000-ci ildə “Şöhrət” ordeni, 2008-ci ildə “Əməkdar elm xadimi” fəxri adı, 2013-cü ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb.

Azərbaycanda elm, təhsil, səhiyyə sahələrinin inkişafına mühüm töhfələr verən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, eləcə də dövlətçiliyin inkişafında müstəsna xidmətlərinə görə cari ildə alimə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın Qüruru” Qızıl Ordeni təqdim olunub.

Ölkənin ictimai-siyasi həyatında da hər zaman fəal iştirak edən professor S.İmamverdiyev 1995-2005-ci illərdə Müstəqil Azərbaycan Dövlətinin Milli Məclisinin (I və II çağırış) deputatı olub. O, 2013-cü ildən etibarən Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədr müavinidir.

Həm özünə, həm də başqalarına qarşı son dərəcə tələbkar olan bu böyük şəxsiyyət bütün həyatı boyu tibb elmində yeniliklərin əldə edilməsinə, savadlı, yüksəkixtisaslı tibbi kadrların hazırlanmasına çalışıb, dəyərli elmi-praktiki məktəb yaradıb. Onun rəhbərlik etdiyi klinikada Azərbaycan vətəndaşları ilə bərabər, Fələstin, İordaniya, İran və Türkiyə kimi ölkələrdən həkimlər təcrübə keçiblər. Alim daim yüksək elmi qabiliyyəti, dərin zəkası, xəstələrə və işçilərə qarşı  qayğıkeşliyi ilə fərqlənib. Həssas və tələbkar insan olan S.İmamverdiyev tələbələrin və həmkarların vətəndaş kimi formalaşmasında böyük rol oynayıb.

Azərbaycanın ustad həkimlərindən hesab edilən görkəmli uroloqun zəngin həyat və fəaliyyəti, ölkədə tibb elminin inkişafı ilə bağlı əldə etdiyi mühüm nailiyyətləri respublikanın tibb nümayəndələri və elmi ictimaiyyəti üçün hər zaman parlaq örnəkdir.

Tanınmış alim və ictimai dövlət xadimi, fitri istedada malik olan böyük ziyalı, vətənpərvər insan S.İmamverdiyevi 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir,  ona Azərbaycan elminin inkişafı və tibbin tərəqqisi yolunda uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: