www.science.az
09.07.2018 10:46

Tovuz bölgəsinin neolit dövrü abidələrində kompleks arxeoloji tədqiqatlar davam etdirilir

2018-ci ilin iyun ayının əvvəllərindən etibarən Tovuz arxeoloji ekspedisiyası bölgə ərazisində arxeoloji tədqiqat işlərini davam etdirib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin uzun illər rəhbərlik etditi ekspedisiya Tovuzda yerləşən Göytəpə və ətrafında olan digər neolit dövrünə aid erkən kənd tipli arxeoloji kompleksin multidissiplinar tədqiqatlarına xüsusi önəm verib. Ekpedisiyanın tərkibində AMEA-da arxeologiya və antropologiya ixtisası üzrə təhsil alan gənc magistrantlar da təmsil olunublar.

Cari mövsümdə ekspedisiya Göytəpə arxeoloji kompleksinin əvvəlki illərdə araşdırılmış qazıntı sahələrində daha erkən tikili horizontlarının üzə çıxarılması məqsədilə çöl-tədqiqat işlərini həyata keçirib. Nəticədə qədim yaşayış yerinin iri ölçülü bina tikililəri və çoxlu sayda arxeoloji materiallar aşkar olunub.

Bundan əlavə, Yaponiyanın Tokio Universitetinin və Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinin (CNRS) mütəxəssislərinin birbaşa iştirakı ilə bölgənin neolit əhalisinin qida rasionunun təyini məqsədilə araşdırmalar aparılıb. Belə ki, Göytəpə arxeoloji kompleksində aşkar edilmiş keramika məmulatları üzərindəki süd məhsulları izlərinin müəyyənləşdirilməsi üçün ilkin olaraq çöl şəraitində lipid analizləri həyata keçirilib. Ekspedisiya Göytəpə qədim yaşayış yerindən 4 km aralıda yerləşən Menteştəpə qədim yaşayış yerinin Neolit dövrünə aid qəbirlərindən və tunc dövrünə aid Topdağdağan nekropolunun insan sümüklərindən götürülmüş nümunələrin izotop analizlərinin aparılmasına nail olub.

Ekspedisiyanın fəaliyyəti dövründə Hacettepe Universitetinin Antropologiya fakültəsinin professoru, doktor Yılmaz Selim Erdal ölkəmizə ezam olunaraq, Göytəpədə aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub. Görüş müddətində Azərbaycan ərazisində aşkar edilmiş neolit insanlarının skeletlərindən DNT-analizi üçün nümunələrin gələcək illərdə Türkiyənin və İsveçin son texnologiyalarla təchiz olunmuş xüsusi laboratoriyalarında arxeo-genetik araşdırılmasının təşkili ilə bağlı müştərək proqramın konturları müəyyən edilib. Göytəpənin neolit sakinlərinin qəbirlərinin aşkar edilməsi məqsədilə 2019-cu il qazıntı mövsümündə təpənin üzərində geo-fiziki çəkilişlərin aparılması qərara alınıb.

Həmçinin iyul ayında Göytəpə qədim yaşayış yerindən şərqə tərəf 1 km aralıda olan Kiçiktəpə neolit dövrü abidəsində tədqiqat işlərinin davam etdirilməsi də Tovuz arxeoloji ekspedisiyasının fəaliyyət planına daxildir. Ekspedisiya tərəfindən aşkar edilmiş Kiçiktəpə qədim yaşayış yerinin tədqiqatlarına CNRS-in mütəxəssisi, doktor Culio Palumbinin başçılığı ilə fransalı arxeoloqlardan ibarət heyət cəlb edilib. Tovuz bölgəsində kompleks elmi tədqiqat işlərinin aparılmasında ekspedisiya tərəfindən multidistsiplinar (arxeometrik) araşdırmalara üstünlük verilməsi Azərbaycandakı qədim arxeoloji mədəniyyətlərinin formalaşması problemlərinin təhlilini gündəmə gətirmiş olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.