Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Demoqrafiya” adlı dərs vəsaitinin təqdimatı olub
12.07.2018 15:20
  • A-
  • A
  • A+

“Demoqrafiya” adlı dərs vəsaitinin təqdimatı olub

İyulun 11-də "Azərkitab" Kitab Təbliğatı Mərkəzində AMEA İqtisadiyyat İnstitutunun Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinin baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Efendiyevin “Demoqrafiya” adlı dərs vəsaitinin təqdimatı olub.

Tədbirdə AMEA, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər  qurumların əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova ictimaiyyətə təqdim olunan yeni nəşrin əhəmiyyətindən bəhs edib. Bildirib ki, dərs vəsaitində əhalinin qeydiyyatı və sayı, təbii artım komponentləri, demoqrafik tərkibi, əhalinin strukturunun müqayisəsi üçün analoqların seçilməsi, demoqrafik keçid nəzəriyyəsi, nikahlılıq və boşanma, əhalinin miqrasiyası, demoqrafik proqnoz və digər məsələlər əksini tapıb.

Daha sonra çıxış edən  İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, AMEA-nın müxbir üzvü Şahbaz Muradov ölkəmizdə əhalinin demoqrafik inkişafının iqtisadiyyatımızın yüksəlişinə, respublikamızın müdafiə qabiliyyətinin təmininə və bilavasitə dövlət təhlükəsizliyinə təsir etdiyini bildiriblər. Qeyd olunub ki, bu baxımdan əhalinin sayının və tərkibinin proqnozlaşdırılması, demoqrafik və sosial-iqtisadi proseslər arasındakı əlaqələrin araşdırılması, icraedici orqanlar üçün demoqrafik siyasət üzrə tövsiyələrin hazırlanması olduqca vacibdir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş tədbirdəki proqram xarakterli çıxışında da bu elmi istiqamətin aktuallığına toxunaraq, alimlərimizi demoqrafik vəziyyətlə bağlı tədqiqatlar aparmağa səsləyib. Bu məqsədlə üç il ərzində aparılan elmi-tədqiqat işlərinin nəticəsində ilk dəfə olaraq Azərbaycan dilində “Demoqrafiya” adlı kitab ərsəyə gəlib.

Sonda nəşrin müəllifi Rüfət Efendiyev çıxış edərək, vəsatin ərsəyə gəlməsində köməyi olanlara təşəkkürünü bildirib. O, demoqrafiya sahəsində vahid bir tədqiqat mərkəzinin yaradılmasına ehtiyac olduğunu qeyd edib. Bu istiqamətdə dünya təcrübəsindən danışan alim bildirib ki, yaradılacaq demoqrafik mərkəz iqtisadi, sosial, hərbi, tibbi, tarixi, coğrafi və etnik demoqrafiya sahələrində çoxşaxəli tədqiqatların aparılmasına təkan verəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: