Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-da Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Mərkəzinin nümayəndələri ilə görüş keçirilib
18.07.2018 13:27
  • A-
  • A
  • A+

AMEA-da Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Mərkəzinin nümayəndələri ilə görüş keçirilib

Genetik Ehtiyatlar İnstitutunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Mərkəzinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və AMEA Yüksək Texnologiyalar Parkının direktor müavini Elxan Bayramovun iştirakı ilə görüş keçirilib.

Görüşdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan institutlarla Kənd Təsərrüfatı Nazirliyi arasında mövcud əməkdaşlıq və bu əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin Genetik Ehtiyatlar İnstitutu tərəfindən nazirliyə təqdim olunan “Aqrar elmin inkişafı strategiyası” layihəsinin icrasına dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, aqrar sahədə olan kadr çatışmamazlığının aradan qaldırılmasında AMEA-nın institutları mühüm rol oynaya bilər. Bu baxımdan elmi kadr potensialının artırılması, birgə konfransların təşkili, tədqiqatların koordinasiyası və digər prioritet istiqamətlərdə qurumlar arasında əlaqələrin gücləndirilməsi zəruridir.

Görüşdə ölkəmizdə icra olunan seleksiya üzrə layihələrin beynəlxalq proqramlara istinad edilməklə yenidən hazırlanmasına ehtiyac olduğu vurğulanıb. Həmçinin nazirlikdə hazırlanan “Aqrar elm və təhsil üzrə Dövlət Proqramı”nın ərsəyə gəlməsində alimlərin iştirakının vacibliyi qeyd olunub.

Bundan başqa, 2019-cu ildə Bakıda AMEA Yüksək Texnologiyalar Parkı və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə seleksiya üzrə beynəlxalq elmi konfransın keçirilməsinə dair müzakirələr aparılıb.

Ölkəmizdə əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sektorun elmi əsaslarla inkişaf etdirilməsi, alimlərin bilavasitə əkinçiliklə məşğul olan fermerlərlə təmaslarının yaradılması, müntəzəm elmi monitorinqlərin aparılması, qida zəncirinin hər bir mərhələsində elmi yanaşmanın vacib olduğu nəzərə alınaraq, AMEA ilə Kənd Təsərrüfatı Nazirliyi arasında memorandumun imzalanması və gələcək əlaqələrin etibarlılığının təmin olunması üçün hər üç qurumdan koordinatorun təyin edilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: