Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” kitabı nəşr olunub
26.07.2018 09:43
  • A-
  • A
  • A+

“Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” kitabı nəşr olunub

Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, həmin institutun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova  və Coğrafiya şöbəsinin kiçik elmi işçisi Qiyas Qurbanovun həmmüəllifi olduğu “Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” adlı kitab işıq üzü görüb.

Kitabın ilk fəsli təbiət və cəmiyyət münasibətləri, ekoloji şüurun inkişafı, biosfera ilə noosferanın qarşılıqlı təsirinə əsaslanır. 2, 3 və 4-cü fəsillərdə Naxçıvan Muxtar Respublikasında atmosfer, litosfer və hidrosferin ekoloji xüsusiyyətləri, Naxçıvanda iqtisadiyyat və turizmin inkişafı kimi məsələlər əks olunub.

Yeni nəşrdə, həmçinin son zamanlar ətraf mühitin ciddi dəyişikliklərə uğramasının bəzi səbəbləri haqqında faktlar göstərilir. Bundan başqa, atmosferə tullanılan zəhərli qazların təmizlənməsi, müxtəlif mənşəli tullantıların təbii proseslərə təsiri, tullantı sularının müxtəlif üsullarla təmizlənməsi, təbii ehtiyatlardan istifadənin aktual problemləri, onların tükənmə dinamikası və s. kimi məsələlər yer alıb.

Kitabın elmi məsləhətçisi AMEA-nın müxbir üzvü Əli Nuriyev, elmi redaktoru biologiya üzrə elmlər doktoru Varis Quliyev, rəyçiləri isə kimya üzrə elmlər doktoru Bayram Rzayev və biologiya üzrə elmlər doktoru, professor Əliyar İbrahimovdur.

Nəşr ətraf mühit-insan münasibətləri ilə maraqlananlar, kimyaçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: