Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Ağdamda eradan əvvəl VI minilliyin birinci yarısına aid yeni arxeoloji materiallar aşkar edilib
26.07.2018 15:36
  • A-
  • A
  • A+

Ağdamda eradan əvvəl VI minilliyin birinci yarısına aid yeni arxeoloji materiallar aşkar edilib

Ağdam rayonunun Eyvazlı kəndi yaxınlığındakı İsmayılbəy təpə neolit dövrü yaşayış məskənində aparılan arxeoloji qazıntı zamanı yeni tarixi materiallar aşkarlanıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovdan aldığımız məlumata görə, yaşayış yerində aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyin birinci yarısına aid oval, dairəvi və düzbucaqlı quruluşda çiy kərpicdən 8 tikinti qalığı aşkar edilib. Giriş qapısı olmayan bu evlərin döşəməsi, divarların daxili səthi qırmızı rəng qatılmış palçıqla suvanıb. Evlərin həyətlərinin döşəmə hissəsi çiy kərpiclə döşənib. Oval formada olan tikili qalığının birində mehrab və baş hissəsi qırılmış kiçik büt aşkar edilib. Ehtimal etmək olar ki, bu tikili qədim məbədin qalıqlarıdır. 

"Qazıntı yerində erkən dəmir dövrünə aid qadın qəbrində bükülmüş vəziyyətdə dəfn olunan skelet də üzə çıxarılıb" - deyə X.Alməmmədov əlavə edib.

Arxeoloq bildirib ki, Qarabağ düzündə yerləşən, Qafqazın ən qədim erkən əkinçi maldar tayfalarına məxsus yaşayış yerlərindən olan İsmayılbəy təpə yaşayış yeri Qarabağ neolit-eneolit ekspedisiyası tərəfindən 2012-ci ildən başlayaraq tədqiq olunur. 2012-2017-ci illərdə təpənin şərq hissəsində 400 kvadratmetr ərazidə arxeoloji qazıntı işləri aparılıb. Ötən dövrdə yaşayış məskənində 16 tikili qalığı, 3 mindən çox maddi mədəniyyət nümunəsi aşkar edilərək öyrənilib. 2010-cu ildən Qarabağ düzündə aparılan arxeoloji kəşfiyyat zamanı isə ümumilikdə 289 abidə qeydə alınıb ki, onlardan da 160-a qədəri qədim yaşayış məskənləridir. Bu abidələr Qarabağın dünyanın sivilizasiya mərkəzlərindən biri olduğunu bir daha təsdiqləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: