Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin məqaləsi COIA konfransının materiallarına daxil olunub
31.07.2018 09:25
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin məqaləsi COIA konfransının materiallarına daxil olunub

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev, instititun direktor müavini Şakir Mehdiyev və institutun şöbə müdiri Təhmasib Fətəliyevin həmmüəllifi olduqları “Some issues of application of internet of things in the oil and gas complex” (Neft-qaz komplekslərində Əşyaların İnternetinin tətbiqinin bəzi məsələləri) adlı məqalə 11-13 iyul 2018-ci il tarixlərdə Bakı şəhərində IEEE təşkilatının dəstəyi ilə keçirilən “The 6th International Conference on Control and Optimization with Industrial Applications” (COIA) konfransının materiallarında dərc olunub.

Konfrans materiallarında, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifi olduqları “Application of the internet of things in oil-gas industry” (Əşyaların İnternetinin neft-qaz sənayesində tətbiqi), eləcə də R.Ələkbərov və institutun baş mütəxəssisi Oqtay Ələkbərovun həmmüəllifi olduqları “Selection issues of cloudlets in mobile cloud computing” (Mobil hesablama buludlarında cloudletlərin seçilməsi məsələsi) adlı məqalələr yer alıb.

“Application of the internet of things in oil-gas industry” adlı məqalədə neft və qaz sənayesində quraşdırılmış sensorlardan məlumatların asan, təhlükəsiz, etibarlı və sürətli toplanması üçün Əşyaların İnterneti texnologiyalarına əsaslanan arxitektura təklif olunub. Sensorlar vasitəsilə toplanan məlumatların emalı, neft və qaz sənayesində neft platformalarının (yataqlar) təhlükəsizliyinin yaxşılaşdırılması, əməliyyatların optimallaşdırılması, problemlərin qarşısının alınması, xətaların aradan qaldırılması və istismar xərclərinin azaldılması üçün yeni imkanların yaradılması məsələləri tədqiq edilib.

“Selection issues of cloudlets in mobile cloud computing” adlı məqalədə isə mobil bulud texnologiyalarının üstünlükləri və istifadəsi zamanı meydana çıxan problemlər təhlil edilib. İyerarxik strukturlu mobil hesablama buludların ikinci səviyyəsində cloudletlər əsasında yaradılan şəbəkə infrastrukturu analiz edilib, eyni zamanda bu texnologiyalardan istifadə etməklə mobil avadanlıqların hesablama və yaddaş resurslarına olan təlabatın təmin edilməsi məsələləri tədqiq edilib. Mobil hesablama buludlarında bulud xidmətlərindən səmərəli istifadəyə təsir göstərən əsas göstəricilər analiz edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: