Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.08.2018 14:50
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İslam Mustafayev V.A.Leqasov adına medala layiq görülüb

AMEA-nın müxbir üzvü İslam Mustafayev V.A.Leqasov adına medala layiq görülüb

Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi üzrə Beynəlxalq Elmlər Akademiyasının V.A.Leqasov adına medalına layiq görülüb.

İ.Mustafayev bu medalla kimyəvi və radiasiya təhlükəsizliyi, habelə atom-hidrogen energetikası sahəsində apardığı səmərəli tədqiqatlara görə təltif olunub.

Qeyd edək ki, alim 1988-ci ildən Çernobıl qəzasına həsr edilmiş “Atmosfer” şifrli elmi-tədqiqat işinin Azərbaycan tərəfindən icraçısı, Xəzər regionunun radiasiya təhlükəsizliyinə aid NATO layihəsinin həmrəhbəri olub. O, bu istiqamətdə 15 ixtiranın, yüksək impakt faktorlu jurnallarda çapdan çıxmış 100-ə yaxın məqalənin müəllifidir.

Xatırladaq ki, sözügedən akademiya 1993-cü ildə Rusiya Federasiyasında təsis edilib və BMT-nin İctimai İnformasiya Departamenti, eləcə də İqtisadi və Sosial Komitəsi ilə assosiasiya olunub. Akademiya tərəfindən bu medal Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında şücaət göstərmiş Rusiya Federasiyasının qəhrəmanı Valeri Alekseyeviç Leqasovun xatirəsini əbədiləşdirmək üçün təsis edilib.

V.A.Leqasov adına medal kimyəvi, radiasiya və nüvə təhlükəsizliyinin təmin olunmasına, mürəkkəb texniki sistemlərin təhlükəsizliyinin artırılmasına töhfə verən alimlərə və mütəxəssislərə verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: