Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2014 00:00
  • A-
  • A
  • A+

Böyük türkmən şairi Məxtumqulu Fəraqinin 290 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Böyük türkmən şairi Məxtumqulu Fəraqinin 290 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük türkmən şairi Məxtumqulu Fəraqinin 290 illik yubileyinə həsr olunmuş “Dostluq və qardaşlıq carçısı Məxtumqulu Fəraqi” mövzusunda elmi konfrans keçirilib.

AMEA rəhbərliyi və Türkmənistan nümayəndə heyətinin iştirak etdiyi konfransda, əvvəlcə Məxtumqulu Fəraqi və Türkmənistana dair kitablar nümayiş etdirildi.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli böyük türkmən şairi və mütəfəkkiri Məxtumqulu Fəraqinin həyat və yaradıcılığı barədə məlumat verib. M.Fəraqinin ədəbiyyata, mədəniyyətə dəyərli töhfələr verdiyini qeyd edən İ.Həbibbəyli şairin ədəbi irsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, o, türkmən ədəbiyyatının klassikidir.

Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov Türkmənistan və Azərbaycanın zəngin tarixi keçmişi, dostluq münasibətlərindən söz açıb, mövcud əməkdaşlığın dərin tarixi və mədəni köklərə malik olduğunu söyləyib. Səfir böyük türkmən şairi Məxtumqulu Fəraqinin 290 illik yubileyinin Bakıda keçirilməsinin iki ölkənin mədəni əlaqələrinin inkişafına mühüm töhfələr verəcəyini qeyd edib.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin Məxtumqulu Fəraqinin mədəni irsinə həm Azərbaycan, həm Türkmənistan, həm də İranda dərin hörmət və rəğbət hissi ilə yanaşıldığını deyib.

Konfransda Türkmənistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun nümayəndələri Atamurad Saparmuradov, Meylis Cabbarov, AMEA Ədəbiyyat İnstitutunun dissertantı İsmixan Osmanlı və başqaları görkəmli şairin həyat və yaradıcılığından söhbət açıblar. Dünya şöhrətli şair Məxtumqulu Fəraqinin ədəbiyyat, elm və fəlsəfə vasitəsilə ümumbəşəri mədəniyyətin inkişafına qiymətli töhfələr verdiyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: